Bakı. Trend:
Cari ilin birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 289,2 min ədəd, əməliyyatların həcmi isə 30 milyon manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu “MasterCard” kartları ilə əməliyyatların sayı 24,9 min ədəd və ya 7,9%, əməliyyatların həcmi isə 4,5 milyon manat, yaxud da 13% azalıb.
Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” ödəniş kartları vasitəsilə əməliyyatların sayı 314,1 min ədəd, əməliyyatların həcmi isə 34,5 milyon manat idi.
Qeyd edək ki, cari ili birinci rübündə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsilə əməliyyatların sayı 900,1 min ədəd, əməliyyatların həcmi isə 86,5 milyon manat olub.
Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan (yəni xarici) maliyyə qurumları tərəfindən buraxılmış (emissiya olunmuş) bank kartlarıdır. Qeyri-rezident ölkədə daimi qeydiyyatda olmayan və ya xaricdə yerləşən hüquqi yaxud da fiziki şəxsdir.