...

Azərbaycanın azad edilmiş ərazilərində meşələrin bərpası məsələsində əməkdaşlıq vacibdir - Latviyalı nazir

İqtisadiyyat Materials 13 May 2025 18:37 (UTC +04:00)
Azərbaycanın azad edilmiş ərazilərində meşələrin bərpası məsələsində əməkdaşlıq vacibdir - Latviyalı nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində meşələrin bərpası məsələsində əməkdaşlıq vacibdir.

Bunu Trend-ə açıqlamasında Latviya Respublikasının Kənd Təsərrüfatı naziri Armando Krauze Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi çərçivəsində deyib.

O, əvvəlcə sərgi haqqında təəssüratlarını bölüşüb: "Sərgi çox maraqlıdır və kənd təsərrüfatı, qida sənayesi haqqında daha çox məlumat almaq, məhsulları görmək, Azərbaycanda nə alıb Latviya üçün nə sata biləcəyimizi bilmək baxımından çox dəyərlidir. Eyni zamanda burada fermerlər üçün yeni texnologiyalar və imkanlar da var, düşünürəm ki, bu, Azərbaycan fermerləri üçün əhəmiyyətlidir. Burada gördüklərim informasiya texnologiyaları və yeni həllər istiqamətində idi".

A. Krauze Azərbaycanla əməkdaşlıq imkanlarından da bəhs edib: "Latviyada da eyni istiqamətdə irəliləyirik, bu sahədə informasiya mübadiləsi apara bilərik. Havanın fərqli olmasına, bitkilərin müxtəlifliyinə baxmayaraq, siz şaftalı, hətta kivi yetişdirirsiniz. Amma Latviyada bu mümkün deyil, hava çox soyuqdur, amma fermerlərə necə kömək etmək, necə məsləhət vermək, IT həllərdən necə istifadə etmək məsələləri eynidir. Bu sahədə əməkdaşlıq edə bilərik".

"İkinci vacib məsələ isə Latviyada çoxlu meşələrimizin olmasıdır və biz Azərbaycanla meşə sənayesi sahəsində məlumat mübadiləsi aparıb əməkdaşlıq edə bilərik. Azərbaycanın azad edilmiş ərazilərində meşələrin bərpası məsələsində əməkdaşlıq vacibdir. Çünki bilirəm ki, onlar dağıdılıb. Latviyanın ərazisinin 53%-i meşələrlə örtülüdür və bu sahədə böyük təcrübəmiz var. Tingliklərdə yeni bitkilər yetişdirmək, bu istiqamətdə necə irəliləmək barədə kifayət qədər təcrübəyə malikik. Bu sahədə əməkdaşlıq edə bilərik və Latviya Azərbaycanda meşə təsərrüfatına investisiya da qoya bilər", - Latviyalı nazir bildirib.

Nazir vurğulayıb ki, meşə sənayesinin inkişafı və meşə təsərrüfatının inkişafı iqlim dəyişikliyi ilə mübarizədə də önəmlidir: "Karbon emissiyalarının azaldılması, iqlim dəyişikliklərinə təsirin azaldılması baxımından və həmçinin insanlar üçün də bu çox önəmlidir. İnsanlar meşələrdə gəzə, meşələrdən zövq ala bilirlər. Düşünürəm ki, sizin meşələrinizi bərpa etmək üçün böyük imkanlarınız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti