Bakı. Trend:
Gürcüstan və Azərbaycanın akvakultura sahəsində əməkdaşlıq üçün iki mümkün istiqaməti var.
Trend xəbər verir ki, bunu Gürcüstanın Kənd Təsərrüfatı Siyasəti və Kənd Rayonlarının İnkişafı Departamentinin Akvakulturanın İnkişafı Şöbəsinin rəhbəri Arçil Partsvania Bakıda 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində keçirilən "Balıqçılıq və akvakulturanın inkişafı üzrə beynəlxalq çağırışlar və regional əməkdaşlıq prespektivləri" adlı panel müzakirələrində bildirib.
“Birinci istiqamət təhsil prosesidir: yalnız fermerlər üçün deyil, bu sahədə çalışan dövlət qulluqçuları üçün də Azərbaycan və gürcü dillərində ortaq təhsil platformasının yaradılması nəzərdə tutula bilər”, – deyə o bildirib.
Partsvania bu məqsədlə onlayn platforma yaradılmasının mümkün olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlığın mümkün olduğu ikinci istiqamət balıq ehtiyatlarının artırılmasıdır.
Partsvania, həmçinin, bildirib ki, regional əməkdaşlıq birgə, müsbət nəticələr gətirə bilər.
“Akvakultura kənd təsərrüfatının dinamik inkişaf edən sahələrindən biridir və Gürcüstanın bu istiqamətdə inkişaf üçün yaxşı perspektivləri var”, – deyə o əlavə edib.