Əlcəzair. Trend:
İslam maliyyələşməsinin inkişafına və son on illik ərzində əldə olunan nailiyyətlərə baxmayaraq, bu sahə bütün dünyada əvvəlki kimi bir sıra problemlərlə üzləşməkdədir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu haqda Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində təqdim olunan birgə hesabatında qeyd olunur.
Hesabatın müəllifləri qeyd edirlər ki, birinci problem maliyyə əməliyyatı xərclərinin əhəmiyyətli dərəcədə yüksək olması ilə əlaqədardır.
“Söhbət xüsusilə ipoteka kreditləşməsi sahəsindən gedir ki, bu da həm müsəlman ölkələrində, həm də qeyri-müsəlman dövlətlərdəki müsəlman icmaları arasında geniş yayılıb və ciddi həll tələb edir”, - sənəddə vurğulanır.
İkinci problem isə risklərin idarə olunması sahəsindəki imkanların məhdud olması, riskin azaldılması alətlərinin və qiymətləndirmə üzrə kəmiyyət modellərinin yetərincə olmaması ilə şərtlənir.
“İslam Maliyyə Xidmətləri Şurasının (IFSB) risklərin idarə olunması, stres-testlər və kapitalın adekvatlığı standartları üzrə verdiyi tövsiyələrə baxmayaraq, hələ də İslam maliyyə institutlarının spesifik xüsusiyyətlərini nəzərə alan qiymətləndirmə metodları və yanaşmalarını əhatə edən daha təfsilatlı texniki rəhbərliyə ehtiyac duyulur”,- müəlliflər hesab edirlər.
Maneələr sırasında, həmçinin, hüquqi və normativ bazanın yetərincə inkişaf etməməsi də göstərilir.
“İslam maliyyə institutlarında risklərin effektiv idarə olunmasına şərait yaradan tamhüquqlu hüquqi mühit və müvafiq tənzimləyici sistemin yaradılmasına ciddi ehtiyac var. Bundan əlavə, İslam kapital bazarlarında likvid alətlərin məhdudluğu da mühüm çağırışlardan biridir”,- deyə hesabatda qeyd olunur.
Sonda müəlliflər İslam pul-kredit siyasətinin olmamasına da diqqət çəkirlər.