Bakı. Trend:
Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu Bines Forumu keçirilib.
Trend xəbər verir ki, forumda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA sədrinin müşaviri Elnur Əliyev, Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru, filologiya elmləri doktoru cənab Kirill Babaev, Qazaxıstanın Biznes Qadınları Assosiasiyasının regional şöbəsinin sədri Manat Almaşeva, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Qazaxıstan Biznes, Cəmiyyət və Hökumət Əlaqələri Assosiasiyasının prezidenti Ayazhan Uteuova, "Qazaxıstan Biznes Qadınları Assosiasiyası” QHT-nin regional şöbəsinin fəxri sədri Ayman İssina iştirak ediblər.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay tədbirdə çıxış edərək bildirib ki, regional inkişaf üçün yeni imkanların qapılarını aça və daha inklüziv, rəqəmsal və dayanıqlı iqtisadi gələcək qura bilərik.
"Bugünkü forum, ideyalarınızı paylaşmaq, birbaşa əlaqələr qurmaq və əməkdaşlıq üçün yeni sahələri araşdırmaq baxımından əla fürsətdir. Ümid edirəm ki, bu gün keçirilən müzakirələr səmərəli olacaq və AQEM-in geniş regionu boyunca bizneslərə və icmalara real fayda gətirəcək tərəfdaşlıqlara yol açacaq", - o bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev isə öz növbəsində qeyd edib ki, Azərbaycanda sahibkarlığa dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, onların maarifləndirilməsi və işgüzar əlaqələrin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində özəl bölmənin Ümumi Daxili Məhsulda payı 83 faiz, məşğulluqda isə 78,6 faiz təşkil etmiş, ölkədə aktiv vergi ödəyicilərinin sayı 700 mindən çox olub. 2024-cü ildə Azərbaycanda açılmış iş yerlərinin 90 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb.
O bildirib ki, ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta sahibkarlıq subyektləri olaraq, onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı ildən ilə artmaqda davam edir:
"Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, biz sahibkarlığın inkişafı, onların hüquq və mənafelərinin qorunmasını prioritetlərdən biri kimi görürük. Son illərdə xüsusilə qadın sahibkarlığının genişlənməsi, qadınların iqtisadi proseslərdə daha fəal iştirakı üçün real addımlar atılmışdır. Bu baxımdan, qadın sahibkarların təcrübəsinin paylaşılması, şəbəkələşməsi və dəstəklənməsi üçün AQEM kimi platformaların rolu danılmazdır.
Eyni zamanda ölkəmizdə qadın sahibkarların şəbəkələşməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyilə yaradılan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının bu istiqamətdə rolunu xüsusi vurğulamaq istərdim".
Əlavə olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2025-ci ilin yalnız ilk rübündə Azərbaycanın AQEM üzv ölkələrinə ixracı 1.2 milyard ABŞ dollarına çatıb, ümumi ticarət dövriyyəmiz isə 4.6 milyard dollar təşkil edib. Bu rəqəmlər iqtisadiyyatlarımız arasında artan qarşılıqlı əlaqənin göstəricisidir.
O bildirib ki, builki tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır: "Belə ki, biz 2024–2026-cı illər dövrü üçün CICA Biznes Şurasının Sədrliyini öz üzərimizə götürmüşük. Bu mühüm dönəmdə regional əməkdaşlıq və iqtisadi transformasiya baxımından bu platformaya rəhbərlik etməkdən qürur duyuruq.
Azərbaycan CICA-nın missiyasına – etimadın qurulması, sülhün təşviqi və Asiya üzrə əməkdaşlığın dəstəklənməsi baxımından unikal çoxtərəfli forum kimi – xüsusi önəm verir. Bu çərçivədə iqtisadi dialoq və özəl sektorun inkişafı dayanıqlı tərəqqinin əsas sütunlarına çevrilmişdir.
Azərbaycan, AQEM üzv ölkələrinin bir çoxu ilə güclü iqtisadi və siyasi münasibətlərə malikdir. Bu gün burada təmsil olunan ölkələrin bir neçəsi ilə – Mərkəzi Asiyadan Körfəzə, Cənubi Asiyadan Uzaq Şərqə qədər – artıq strateji tərəfdaşlıqlar qurmuşuq".