Bakı. Trend:
Qazaxıstanın Fond Birjası (KASE) valyuta alətlərinin xəttini genişləndirir və yaxın zamanda qiymətli kağızların BƏƏ dirhəmində yerləşdirilməsi imkanını təklif edəcək.
Trend xəbər verir ki, bunu KASE-nin emitentlər və investorlarla iş üzrə departamentinin direktoru Əzizə Ordabayeva Bakıda keçirilən “KASE Day” tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, hal-hazırda KASE-də istiqrazların təngə, ABŞ dolları və Çin yuanında yerləşdirilməsi mümkündür. Birja istiqrazların dirhəmdə yerləşdirilməsinə hazırlaşır ki, bu beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm bir addım olacaq.
“Tezliklə biz əlavə yerləşdirmə valyutası kimi dirhəmi işə salmağı planlaşdırırıq. Bu emitentlər və investorlar üçün yeni imkanlar açacaq və xarici tərəfdaşlarla əlaqələri möhkəmləndirəcək”, -deyə Ordabayeva bildirib.
O həmçinin vurğulayıb ki, valyuta çeşidinin genişləndirilməsi KASE-in regional maliyyə mərkəzi kimi mövqeyini gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.
“Biz emitentlər üçün əlverişli şərait yaradırıq ki, onlar bizneslərinin spesifikasına və xərclər strukturuna uyğun olaraq, özləri üçün ən münasib valyutada maliyyə cəlb edə bilsinlər”, – o əlavə edib.
Tədbir çərçivəsində, həmçinin mikromaliyyə təşkilatlarının aktivliyinin artırılması və korporativ istiqrazlar bazarındakı imkanların genişləndirilməsi məsələləri müzakirə olunub ki, bu da iştirakçıların sözlərinə görə, KASE platformasının çevikliyini və dinamik inkişafını təsdiqləyir.