...

Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib

İqtisadiyyat Materials 23 May 2025 10:12 (UTC +04:00)
Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Maliyyə İnvestisiya Forumu (FIF 2025) keçirilib.

Trend xəbər verir ki, forumda "Unicapital İnvestisiya Şirkəti" ASC-nin direktoru Tələt Kalayev, “Rabitəbank” ASC İdarə Heyətinin sədri Aydın Hüseynov, PAŞA Kapital İnvestisiya Şirkətinin direktoru Ceyhun Hacıyev, “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin üzvü Ceyhun İbrahimov, ABB Invest İnvestisiya Şirkətinin İcraçı direktoru Nadir Babazadə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, Türkiyə İnkişaf və İnvestisiya Bankı Kapital Bazarları məsləhətçisi, İnvestisiya Bankçılığı bölməsinin rəhbəri Dilan Pamir, Mərkəzi Bankın Kapital Bazarı Siyasəti və Tənzimlənməsi Departamentinin direktoru Umeyra İbrahimova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru Rauf Cabbarov, Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısı Oqtay Qasımov, Türkiyə İnkişaf və İnvestisiya Bankı | Baş direktorun müavini, Davamlılıq və Təsir Lideri Seçil Yıldız, eləcə də digər maliyyə sektorunun aparıcı üzvləri iştirak ediblər.

Forumda kapital bazarlarının inkişafı, şirkətlərin IPO vasitəsilə maliyyələşmə imkanları, yeni texnologiyaların və rəqəmsallaşmanın investisiya sektoruna təsiri kimi aktual mövzular müzakirə olunub. Həmçinin investorlar üçün şəffaflığın və hesabatlılığın əhəmiyyəti, risklərin idarə olunması və qlobal maliyyə bazarlarına çıxış imkanları tədbirin əsas müzakirə mövzuları sırasında yer aıb.

Forum iştirakçılara bazar tendensiyalarını daha dərindən anlamaq, potensial investisiya imkanlarını dəyərləndirmək və yeni əməkdaşlıqlar qurmaq üçün geniş imkanlar təqdim edib. FIF 2025 əvvəlki illərdəki uğurlarını davam etdirərək, maliyyə sektorunda innovativ yanaşmaların və strateji inkişaf yollarının müəyyən edilməsinə töhfə verməyi hədəfləyib.

Mərkəzi Bankın Baş direktoru Tərlan Rəsulov tədbirdə çıxış edərək bildirib ki, son on ildə qlobal kapital bazarlarının həcmi əhəmiyyətli dərəcədə artır. Hazırda bu bazarların ümumi həcmi 300 trilyon ABŞ dollarını keçib.

O bildirib ki, əgər son 14 ilin dinamikasına baxsaq, burada əhəmiyyətli artım müşahidə edilir – təqribən 65 faiz artım qeydə alınıb: "Bazarın seqmentlərinə nəzər yetirsək, bu bazarın təxminən üçdə birini təşkil edən qlobal səhmlər bazarının həcmi hal-hazırda 105–110 trilyon dollar civarındadır. Burada da artım dinamikası ümumi kapital bazarlarının artımı ilə uyğunluq təşkil edir".

"Digər maraqlı göstərici isə kapital bazarlarının dünya ümumi daxili məhsuluna (ÜDM) olan nisbətidir. Məsələn, 10 il əvvəl kapital bazarlarının həcmi qlobal ÜDM-dən 2,3 dəfə çox idisə, bu göstərici artıq təxminən 2,9 dəfə olmuşdur. Bu fakt, qlobal iqtisadiyyatda kapital bazarlarının artan rolunu bir daha sübut edir.

Kapital bazarlarında baş verən bu prosesləri ümumiləşdirsək, xüsusilə vurğulamaq lazımdır ki, səhmdar kapitalı vasitəsilə maliyyələşmə korporativ dayanıqlılığı artırır. Bunu biz həm qlobal maliyyə böhranı zamanı, həm də COVID-19 pandemiyası dövründə müşahidə etdik. Məhz həmin dövrdə qlobal miqyasda şirkətlər əlavə olaraq 2,1 trilyon dollar məbləğində səhmdar kapitalı cəlb edə bilmişdir ki, bu da böhran dövründə alternativ maliyyə mənbələrinə çıxışı asanlaşdıran mühüm amildir", - T. Rəsulov qeyd edib.

Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov isə qeyd edib ki, 2018-ci ildən etibarən "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya"nın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatıb.

O xatırladıb ki, dövlət qiymətli kağızlar bazarının nəzərəçarpacaq artımı 2018-ci ilə təsadüf edir:

"Həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya" sənədi qəbul edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri daxili maliyyə bazarlarının inkişaf etdirilməsi, xarici borcun tədricən azaldılması fonunda daxili borclanmanın artırılması və dövlət qiymətli kağızları bazarının genişləndirilməsi olmuşdur".
"2018-ci ildən etibarən strategiyanın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatmışdır. Bu inkişaf təkrar bazar və repo bazarı kimi digər ikinci dərəcəli maliyyə alətlərinin də genişlənməsinə səbəb olmuşdur. Belə ki, bu dövr ərzində təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi isə təxminən 60 dəfə artmışdır.

Əvvəllər dövlət qiymətli kağızlarının əsas investorları banklar və sığorta şirkətləri idisə, son dövrlərdə investor bazasında həm institusional, həm korporativ investorlar, eləcə də fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da iştirak etməyə başlamışdır. Bu, bazarın daha da dərinləşməsinin və genişlənməsinin göstəricisidir.

Bu kontekstdə, vasitəçi şirkətlərin rolu da xüsusi qeyd olunmalıdır. Çünki onlar investorlarla qiymətli kağızlar bazarı arasında effektiv əlaqə yaradılmasına yardım edir və bazar iştirakçılığını təmin edirlər", - deyə A. Mürsəqulov vurğulayıb.

Əlavə olaraq Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli isə bildirib ki, MDM bu funksiyanın həyata keçirilməsi üzrə layihəyə başlayıb və ilkin əməliyyat sxemləri hazırlanıb.

O bildirib ki, investisiya fondlarının yaradılmasında ən vacib infrastruktur onların aktivləri üzrə depozitar fəaliyyətini həyata keçirən qurumdur: "Qanuna əsasən, investisiya fondları yaradılan zaman aktivlərinin qeydiyyatını aparan depozitar təyin etməlidirlər. Azərbaycanda investisiya fondlarının yaradılmasına maraq olmasına baxmayaraq, bu sahədə əsas problem özəl maliyyə sektorunda bu tip depozitarların mövcud olmamasıdır. Bu depozitarların olmamasının səbəbi isə mövcud bazar həcmləri və şərtlər altında onların yaradılmasının gəlirli olmamasıdır".

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti