Bakı. Trend:
Ötən ilin dövlət büdcəsindən ortamüddətli xərclər çərçivəsinin (OMXÇ) tətbiq edildiyi sektorlar üzrə tədbirlərin həyata keçirilməsi üçün 5,8 milyard manat məbləğində (ötən dövrlə müqayisədə 416,7 milyon manat, yaxud 7,7 faiz çox) vəsaitin ayrılması təmin edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, “Ətraf mühitin mühafizəsi” bölməsinin 2024-2027-ci illər üçün tərtib edilmiş strateji planında müvafiq məqsədlərə çatmaq üçün “bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı”, “torpaqların mühafizəsi, yerquruluşu və torpaq kadastrı işlərinin təşkili”, “ölkə ərazisində ətraf mühitin çirklənməyə məruz qalan ərazilərində çirkliliyin azaldılması” və s. kimi 5 strateji hədəf müəyyən edilib.
2024-cü ilin dövlət büdcəsindən sözügedən 5 strateji hədəfin icrası məqsədilə 6 proqramın, 8 altproqramın və 27 tədbirin həyata keçirilməsi üçün 361,9 milyon manat məbləğində vəsait yönəldilib.
Bu da ötən dövrlə müqayisədə məbləğ ifadəsində 3,3 milyon manat, faiz ifadəsində 0,9 faiz çox olub.