Bakı. Trend:
Ötən il metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat ayrılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, ötən il “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) fəaliyyətinə maliyyə yardımının göstərilməsi üçün (Bakı–Naxçıvan və Naxçıvan–Bakı hava xətti ilə olan uçuşlarla bağlı zərərin qarşılanması) dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.
Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 50 milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə 75,0 milyon manat vəsait ayrılıb.
Həmçinin, ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və bir sıra islahatlarla bağlı xərclər üçün 146,8 milyon manat vəsait istifadə olunub.