Bakı. Trend:
Ötən il dövlət büdcəsindən Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nizamnamə kapitalının artırılması üçün 407,9 milyon manat vəsait yönəldilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, keçən il dövlət büdcəsindən Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna 10,3 milyon manat, sahibkarlara dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün 1,7 milyon manat, güzəştli ipoteka kreditlərinin verilməsi üçün 87,7 milyon manat, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 12,3 milyon manat, cəmi 100,0 milyon manat məbləğində vəsait İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalının artırılmasına, yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi üçün 42,0 milyon manat, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclər üçün 12,7 milyon manat, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı üçün 8,5 milyon manat məbləğində vəsait yönəldilib.