...

“Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişiklik edilib

İqtisadiyyat Materials 10 İyun 2025 11:09 (UTC +04:00)
“Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişiklik edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 2024-cü il 21 fevral tarixli 09/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edib.

Trend xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Qərara əsasən, sığortaçıda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Müvafiq məlumatlar mötəbərlik, anlaşıqlılıq, operativlik, əhəmiyyətlilik, aktuallıq, müqayisəlilik prinsiplərinə uyğun olmalı, açıqlanarkən şəffaflıq və kommersiya maraqları arasında tarazlıq saxlanılmalı, qanunla hər hansı sirr təşkil edən məlumatların qorunması təmin edilməlidir. İctimaiyyətə açıqlanan məlumatlar sığortaçının Mərkəzi Banka təqdim etdiyi məlumatlarla uyğunsuzluq təşkil etməməlidir.

Sığortaçının fəaliyyəti barədə ümumi məlumatların həmçinin, ödəmə qabiliyyəti, maliyyə vəziyyəti və bazar davranışları (bazar davranışları barədə məlumatların açıqlanması təkrarsığortaçılara şamil edilmir) barədə məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı fəaliyyət hesabatı (bundan sonra – Fəaliyyət hesabatı) bu Standartların 3 nömrəli Əlavəsində nəzərdə tutulmuş formada və məzmunda illik əsasda tərtib edilir.

Fəaliyyət hesabatı hər il təqvim ili başa çatdıqdan sonra 5 ay müddətində sığortaçının internet səhifəsinin istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrıca bölməsində illər üzrə qruplaşdırılmaqla “PDF” və ya digər ixrac oluna bilən formatda yerləşdirilir.

Sığortaçı bu Standartların 4-17 nömrəli Əlavələrində nəzərdə tutulmuş cədvəlləri, həmçinin, rüblük əsasda tərtib edir və hər rüb başa çatdıqdan sonra 15 iş günü müddətində rəsmi internet səhifəsinin istifadəçilər üçün aydın görünən, əlçatan formatda strukturlaşdırılmış ayrıca bölməsində illər üzrə qruplaşdırılmaqla “Excel” və ya digər ixrac oluna bilən formatda yerləşdirir.

Sığortaçı bu Standartların 4-17 nömrəli Əlavələrində nəzərdə tutulmuş cədvəllərə əlavə məlumatlar daxil edə bilər.

Bu Standartların 18-1.2-ci bəndində göstərilən Fəaliyyət hesabatında əks olunan məlumatlarda mühüm dəyişikliklər baş verdikdə sığortaçı yenilənmiş Fəaliyyət hesabatını dəyişikliklərin baş verdiyi tarixdən təxirə salınmadan rəsmi internet səhifəsində yerləşdirir.

İctimaiyyətə açıqlanan məlumatlar yerləşdirildiyi tarixdən sonra azı 5 il sığortaçının rəsmi internet səhifəsində saxlanılmalıdır. Açıqlanan məlumatların sığortaçının rəsmi internet səhifəsində yerləşdirildiyi tarix və açıqlanan məlumatlarla bağlı sorğuların cavablandırılmasına məsul şəxs barədə məlumat (onun soyadı, adı, telefon nömrəsi, elektron poçt ünvanı) göstərilməlidir. Əlavə olaraq həmin məlumatlar media subyektləri vasitəsilə dərc oluna və (və ya) yayımlana bilər.

İctimaiyyətə açıqlanan məlumatları sığortaçının İdarə Heyətinin sədri və baş maliyyə inzibatçısı imzalayır.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti