Bakı.Trend:
Bakı-Ağstafa-Bakı marşrutu üzrə 7 əlavə reys, Bakı-Qəbələ-Bakı xətti üzrə 4 əlavə reys təyin olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Qeyd edilib ki, Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara tələbata uyğun olaraq əlavə vaqonlar qoşulub. Təkcə 5 iyunda Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb. Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir. Ümumilikdə Bakı-Balakən-Bakı istiqaməti üzrə 2 170 nəfər daşınıb.
6–9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı xətti üzrə 5 814 nəfər səfər edib. Onlardan da 1842 nəfər əlavə reyslə səyahət edib. Bakı-Qəbələ-Bakı xətti üzrə 1 330 nəfər səfər edib, onlardan da 577 nəfər əlavə reyslə səyahət edib. Abşeron dairəvi dəmir yolu üzrə qatarlar şənbə və bazar günü qrafiki əsasında fəaliyyət göstərib. Bu marşrutla 6-9 iyunda 45 361 nəfər daşınıb. Ümumilikdə 6-9 iyun tarixlərində qatarlarla 54 675 nəfər səyahət edib.