Bakı. Trend:
Təkcə Bakı şəhərində 500 mindən çox sənədsiz ev var. Böyük şəhərlər, eləcə də, regionlarımızda da sənədi olmayan evlər çoxdur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bu gün keçirilən iclasında müzakirə olunan dörd məcəllə və üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu sənədsiz evlər həm də sığortalana da bilmir:
“Ötən ilin payızında subasma nəticəsində Sabunçu qəsəbəsində çoxlu sayda mənzillərə, yaşayış sahələrinə çox ciddi ziyan dəymişdi. Təxminən, 30-dan artıq həmin zərərəçəkmiş mənzillərdə oldum və məlum oldu ki, heç birinin sənədi yoxdur, sənədsiz evlərdir. Həmin evlərə çox ciddi zərər dəymişdi, evlərdəki məişət əşyaları da sıradan çıxmışdı, evlər olduqca yarasız vəziyyətə düşmüşdü.
Məsələ burasındadır ki, neftli sahədə yerləşdiyindən təkcə subasma deyildi, neftli suların gəlib o evlərə dolmasından sonra elə bir acınacaqlı vəziyyət yaranmışdı ki, artıq o evlərin əksəriyyətində yaşamaq belə mümkün deyil. Amma nəticə etibarı ilə həmin vətəndaşlarımızı hansısa formada dəstək olmaq imkanlarından məhrumuq”.
Deputat bildirib ki, məsələ ilə bağlı “Balaxanıneft”in rəhbərliyi ilə əlaqə saxlamaq istəyib:
“Təəssüflər olsun ki, nə telefon zənglərimizə, nə mesajlarımıza cavab verildi. Müavini ilə əlaqə saxladım, dedi ki, mən öz rəisimi çox az görürəm. Belə bir acınacaqlı durumdur. Məqsəd ondan ibarətdir ki, həmin evlərin böyük əksəriyyəti “Balaxanıneft”in ərazisində olan buruqlardan axıb gələn qrunt sularının axdığı yerlərdə üzərində evlər tikilib, həyətlər həmin kanalların üzərindədir ki, o kanalların ən azından təmizlənməsinə ehtiyac var idi.
Deyildi ki, bunu yalnız “Balaxanıneft” edə bilər. Onlar da məsələyə laqeyd yanaşdılar və o insanlar faktiki olaraq çarəsiz bir vəziyyətdə qaldılar. Ona görə sənədsiz evlərlə bağlı məsələ öz həllini tapmalıdır. Sənədsiz evlərə sahib olan vətəndaşlarımızın hüquqlarını hansısa formada təmin etmək vacib məsələdir”.
Komitə sədri Siyavuş Novruzov ona cavabında xatırladıb ki, Nazirlər Kabinetinin torpağın kateqoriyası ilə bağlı qərarı var.
“Evlərin böyük hissəsi kənd təəssərüfatına aid olan torpaqlarda tikilib. Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Onlar bələdiyyələrə əmlak, torpaq vergisi verməlidir. Bələdiyyənin büdcəsinin formalaşmasında problemlər yaranır. Bunun kateqoriyasını dəyişmək lazımdır. Bunun dəyişməsi ilə bağlı 6-7 nazirlikdən icazələr olmalıdır. Çox uzun prosesdir. Bu evlərin böyük hissəsi neft sahəsindədir, SOCAR-a aid ərazilərdir. Gərək SOCAR xüsusi məktub verə və onun əsasında mənzillər özəlləşdirilə.
Qaz və elektrik xəttlərinin altında, yaxınlığında, eyni zamanda qatar yollarının ətrafında evlər tikilir. Hansı ki bu qanunla qadağandır. Əmlak Məsələləri Dövlət Xidməti ilə bu məsələləri də müzakirə etmişik. Onlar da çətin durumdadır. Söhbət tək bir sənədin verilməsindən getmir”, - deyə millət vəkili qeyd edib.