Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə bu ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1,552 milyard manat istifadə olunub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsaitin 1,354 milyard manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 1,058 milyard manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 239,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi işlərinin həyata keçirilməsi üçün 33,7 milyon manat, Sənaye Parklarının fəaliyyətinin təşkili, habelə onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat və işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması işlərinin aparılması üçün 1,7 milyon manat), 182 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
Qeyd edək ki, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,099 milyard manat proqnoza qarşı 19,804 milyard manat və yaxud 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz və ya 961,1 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 17,096 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 41,3 faizinə bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,043 milyard manat və ya 6,5 faiz çoxdur.