...

Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə qoşulacaq

İqtisadiyyat Materials 7 Avqust 2025 16:59 (UTC +04:00)
Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə qoşulacaq
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə qoşulacaq.

Trend xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Qazaxıstan Temir Jolu Milli Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Talğat Aldıbergenov Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə görüşüb və “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin səhmdarlarının növbədənkənar ümumi toplantısında iştirak edib.

Toplantı zamanı “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinə Çin Dəmir Yolu Konteyner Daşımaları MMC tərəfindən nominasiya edilmiş şirkətin – China Railway Container Transport Co., Ltd.-nin törəmə qurumunun – qoşulması barədə razılıq əldə olunub. Çin konteyner daşımaları üzrə ən böyük operatorunun inteqrasiyası Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) inkişafına əlavə təkan verəcək və onun bazarda rəqabət qabiliyyətini artıracaq.

Tərəflər həmçinin, Orta Dəhlizin inkişafı, logistika proseslərinin rəqəmsallaşdırılması, “dar boğazların” aradan qaldırılması üzrə Yol Xəritəsinin icrası və ikitərəfli əməkdaşlığın digər mühüm aspektlərini müzakirə ediblər.

“Marşrut üzrə konteyner qatarlarının hərəkət müddətinə birgə nəzarət mexanizminin tətbiqi barədə razılıq əldə olunub. Bu, qrafikin sabitliyini təmin etməyə, yaranan logistika məsələlərinin operativ həllinə və marşrutun effektivliyinin artırılmasına imkan verəcək”, – məlumatda qeyd olunur.

Tərəfdaşların birgə səyləri nəticəsində marşrut əsas rəqabət üstünlükləri – yüksək sürət və çatdırılma etibarlılığı – qazanıb. Hazırda Çinlə Avropa arasında TMTM vasitəsilə yükdaşımalar 15–18 gün ərzində həyata keçirilir ki, bu da dəniz yolu ilə müqayisədə təxminən iki dəfə daha sürətlidir.

Nazir Rəşad Nəbiyevlə görüşdə həmçinin Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova, Qazaxıstan Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədri Janibek Tayjanov, “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolu” ASC-nin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, “Middle Corridor Multimodal Ltd” Orta Dəhliz üzrə tranzit daşımalarının inkişafı və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti