Bakı. Trend:
Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2025-ci il avqust ayının 12-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 faizi biçilərək məhsulu yığılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Sahələrdən 2971,8 min ton məhsul toplanıb, məhsuldarlıq 32,1 sentnerə bərabər olub. Məhsulun 1582,8 min tonunu və yaxud 53,3 faizini buğda, 1349,9 min tonunu (45,4 faizini) arpa, 39,1 min tonunu (1,3 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7) və İmişli (39,5) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton) və İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə olunub.