Bakı. Trend:
Yaxın gələcəkdə Gəncə və Naxçıvanda da innovativ düşüncəli gəncləri bir araya gətirəcək mərkəzlərin açılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, regional innovtorlar artıq bu mərkəzlərdə öz ideyalarını və layihələrini ekspertlər, investorlar və digər ekosistem oyunçuları ilə müzakirə edə biləcək, inkişaf üçün doğru istiqamət alacaqlar:
"İnnostart proqramında iştirak edən hər startap, yetişən hər mentor, əminəm ki, ölkəmizin müxtəlif bölgələrində innovativ iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək. Biz İRİA olaraq daim sizinləyik, yeni təşəbbüslərinizin davamlı inkişafına dəstək göstərməyə hazırıq".