Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 464,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 102,7 milyon ABŞ dolları və ya 28,4% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,61%-i həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 10-cu yerdə qərarlaşıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 382,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,4 milyon ABŞ dolları və ya 24,6% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 27,3 milyon ABŞ dolları və ya 49,5% artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 183,5 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 48 milyon ABŞ dolları və ya 35,4% çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 8,79% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 4-cü ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.