Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Təminat Fondunun vəsaitinin qalığı 419,3 milyon manat olub. Bu ilin ilk 6 ayında Təminat Fonduna dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq üzrə 0,09 milyon manat, Fonda yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir üzrə 26,0 milyon manat, təkrar borc sazişləri üzrə 10,7 milyon manat olmaqla, ümumilikdə 36,8 milyon manat vəsait daxil olub.
Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata xülasə"nə istinadən xəbər verir.
Bildirilib ki, Təminat Fondundan 14,0 milyon manat, 29,9 milyon ABŞ dolları və 7,4 milyon avro xərc edilərək, 6 ayın sonuna Fondun vəsait qalığı 377,1 milyon manat təşkil edib.
"Hesabat ilinin əvvəli ilə müqayisədə sonuna Fondun vəsaiti 42,2 milyon manat azalıb. Dövlət Neft Fonduna (DNF) əsasən, vəsaitlərin idarə olunmasından əldə edilmiş 26,0 milyon manat əvvəlki ildə hesablanmış gəlirlərdir.
Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat üzrə 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 milyon manatdan cari ilin 6 ayında 10,7 milyon manat bərpa edilib. Bu da ümumi proqnozlaşdırılan məbləğin 5,3%-ni təşkil edib", - deyə məlumatda qeyd edilib.