Bakı. Trend:
“Baku Water Week” (Bakı su həftəsi) çərçivəsində Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti və Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyi dövlət-özəl tərəfdaşlıq haqda saziş imzalayacaqlar.
Trend xəbər verir ki, “ACWA Power” ilə Su təsərrüfatı və meliorasiya elmi-tədqiqat institutu arasında birgə tədqiqatlar və təcrübə mübadiləsinə yönəlmiş Anlaşma Memorandumunun imzalanması planlaşdırılır.
Qeyd edək ki, “Baku Water Week” 10–12 sentyabr tarixlərində Baku Expo Center-də keçiriləcək və dövlət qurumlarını, beynəlxalq şirkətləri, həmçinin mütəxəssisləri su təsərrüfatı sahəsində ən son texnologiyaların və innovativ həllərin təqdimatı üçün bir araya gətirəcək.
Birinci günün proqramına quraqlıq risklərinin idarə olunması, Xəzər dənizinin vəziyyəti və tullantı sularının dayanıqlı idarə edilməsi kimi əsas məsələlərə dair təqdimatlar və müzakirələr daxil ediləcək.
11 sentyabr tarixində isə 10 ölkədən 40-dan çox məruzəçinin iştirakı ilə II Beynəlxalq Su Təsərrüfatı Konfransı keçiriləcək. Burada su ehtiyatlarının idarə olunmasında liderlik, rəqəmsallaşma və transsərhəd əməkdaşlığı mövzuları müzakirə olunacaq.
Sentyabrın 12-də isə qabaqcıl su istifadə texnologiyalarının tətbiqinə və ətraf mühitin qorunmasına həsr edilmiş 6-cı Xəzər Su İnnovasiya Forumu təşkil olunacaq.