Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 34 hərrac keçirilib.
Trend dövlət xidmətinə istinadən xəbər verir ki, hərraclarda 5 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 690 nəqliyyat vasitəsi özəlləşdirilib.
Məlumata əsasən, cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 96,6 milyon manat təşkil edib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 426-sı qeyri-yaşayış, 2.728-i torpaq sahələri üzrə olmaqla 3.154 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
"Beləliklə, 2025-ci ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 126,9 milyon manat vəsait daxil olub", - məlumatda qeyd edilib.