...

Enerji səmərəliliyi qaza qənaətin və ixrac artımının açarıdır - SOCAR prezidenti

İqtisadiyyat Materials 2 Oktyabr 2025 11:30 (UTC +04:00)
Enerji səmərəliliyi qaza qənaətin və ixrac artımının açarıdır - SOCAR prezidenti
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Enerji səmərəliliyinin artırılması və qaz istehlakının azalmasının iqtisadi artım hesabına baş verməməsinin təmin olunması əsas prioritetlər olaraq qalır.

Trend xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf Astanada keçirilən KAZENERGY Avrasiya Forumunun açılışında deyib.

“Biz həm məişət sektorunda, həm də sənayedə daha enerji səmərəli həllərə keçid hesabına qazın qənaət edilməsi üçün bir çox imkanlar aşkarlamışıq. Bu, həmçinin ixrac oluna biləcək qazın daha az istehlak olunmasına imkan yaradır”, – deyə Nəcəf bildirib.

O vurğulayıb ki, qaz istehlakının azalması müxtəlif kontekstlərdə qiymətləndirilməlidir:

“Söhbət Avropadan və qaz istehlakının azalmasından gedəndə, səbəbləri anlamaq vacibdir. Bu, alternativ mənbələrə keçidlə, yoxsa sənaye istehsalının və iqtisadi fəallığın zəifləməsi ilə bağlıdır? Bizim üçün vacib olan odur ki, qaz istehlakının azalması sənaye istehsalının azalması hesabına baş verməsin. Üstünlük iqtisadiyyata lazım olan enerjini təmin edən alternativ həllərə verilməlidir”.

İnvestisiya prioritetlərindən danışarkən Rövşən Nəcəf bunları vurğulayıb:

“Bütün layihələr bizim üçün prioritetdir, çünki onlar bir-birini tamamlayır. Onları paralel şəkildə, bir-birinə mane olmadan həyata keçirmək mümkündür. Bir neçə layihənin eyni vaxtda reallaşdırılması isə ortaq infrastrukturun yaradılmasına kömək edir”.

SOCAR prezidenti belə yanaşmanın iqtisadi üstünlüklərinə də diqqət çəkib: “Əgər qazma qurğusunu və ya gəmiləri eyni vaxtda beş-altı layihədə işə cəlb etsək, bu, xeyli qənaət etməyə, həmçinin bütün layihələrin istifadə edə biləcəyi ortaq infrastruktur – ixrac qaz və ya neft kəmərləri yaratmağa imkan verir. Bu isə kapital xərclərini azaldır”.

Sonda o, rəqabət qabiliyyətində dəyərin rolunu vurğulayıb:

“Bu gün kapital xərcləri nə qədər az olarsa, mənfəət bir o qədər yüksək olur, çünki neft və qazın qiymətləri demək olar ki, eynidir. Müqayisəvi üstünlük xərclərin azaldılması hesabına əldə olunur. Ona görə də layihələrin paralel icrası xərclərin optimallaşdırılmasına kömək edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti