Bakı. Trend:
Gələn ildən etibarən İslam bankçılığı məhsulları Azərbaycan bazarında təqdim olunacaq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank beynəlxalq təcrübəni nəzərə alaraq mərhələli və praqmatik strategiya qəbul edib: "Bu strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində “İslam pəncərəsi” modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".
AMB rəsmisi vurğulayıb ki, bu mərhələli strategiyanın icrası üçün Mərkəzi Bank konkret yol xəritəsi müəyyənləşdirib və bu xəritəni dörd əsas istiqamətə bölmək olar: "Birincisi, ilkin mərhələdə tətbiq olunacaq məhsulların müəyyənləşdirilməsidir. Bunun üçün Mərkəzi Bank banklarla, sənaye assosiasiyaları və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən edib.
Bu mərhələ artıq tamamlanıb. İndi isə həmin məhsulların tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır. Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, Banklar haqqında qanun və digər normativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklər bank sektoruna təqdim olunub və hazırda onlardan gələn rəy və təkliflər toplanır. Mərkəzi Bank bu rəyləri yekunlaşdıraraq ilin sonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyi planlaşdırır".
R. Tahirov qeyd edib ki, yol xəritəsinin üçüncü əsas sütunu potensialın və biliklərin artırılmasıdır: "Bu, çox vacib və həlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa başlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə Azərbaycan Mərkəzi Bankının nəzarət və tənzimləyici əməkdaşları üçün təlim proqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq.
Hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdan sonra, banklar müəyyən İslam bankçılığı məhsullarını “İslam pəncərəsi” vasitəsilə təqdim etməyə başlaya biləcəklər. Mərkəzi Bank bu ilkin mərhələnin gedişatını izləyəcək, nəticələri qiymətləndirəcək və əldə olunan təcrübəyə əsaslanaraq növbəti mərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək".
"Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə hazırıq və əminik ki, gələn ildən etibarən İslam bankçılığı məhsulları ölkə bazarında təqdim olunacaq", - deyə AMB rəsmisi vurğulayıb.