Bakı. Trend:
Region bazarlarının inkişafı və fintex sistemlər arasında müəyyən inteqrasiyanın mümkünlüyü vacibdir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yulia Salehova "Baku Fintech Forum 2025" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Təbii ki, bunun həyata keçirilməsi çox böyük resurslar və zaman tələb edəcək. Amma məncə, bu yalnız mümkün olmamalıdır, eyni zamanda prioritet olmalıdır", - Y. Salehova vurğulayıb.
O, həmçinin açıq bankçılığın üstünlüyündən, Qazaxıstan təcrübəsindən və Azərbaycannla bu istiqamətdə mümkün əməkdaşlıq imkanlarından da danışıb: "Açıq bankçılıq ("Open Banking") bazara müəyyən üstünlüklər verə biləcək bir istiqamətdir və bazar iştirakçılarının, yalnız bankların yox, ilk növbədə kiçik fintex şirkətlərinin inkişafına ciddi təkan verə bilər. Bir “unicorn” şirkəti yetişdirmək üçün onlara böyümək üçün imkan yaratmaq lazımdır. "Open Banking" imkanlarının bu oyunçularla bölüşdürülməsi, bəlkə də, məhz “unicorn”ları yetişdirə biləcəyimiz sahədir.
"Open Banking"in bank sektoru üçün imkanlarına gəlincə, əgər bu Azərbaycanda tətbiq olunarsa, bank sektorumuza hansı üstünlükləri gətirə bilər? Məlumatların paylaşılması banklar arasında və müxtəlif müştəri hesabları arasında əməliyyatları daha sürətli edəcək. Açıq bankçılıq əsasən müştəriyə bütün hesablarını daha yaxşı idarə etmək, məlumatları bir yerdə görmək və bir bankın müştərisi olaraq digər bankın təqdim etdiyi xidmətlərə çıxış imkanını təmin edir".
"Əgər bu inteqrasiya uğurla həyata keçirilərsə, əsas faydalanan tərəf, əlbəttə, son müştəri olacaq. Eyni zamanda, "Open Banking" imkanlarının fintex şirkətləri ilə bölüşdürülməsi bu şirkətlərin inkişafına, yeni interfeyslərin və məhsulların yaradılmasına, nəticədə isə bazarın ümumi inkişafına şərait yaradacaq. Bəlkə bu, bizə hazırda görmədiyimiz yeni imkanları da göstərəcək", - deyə Y. Salehova vurğulayıb.