Bakı. Trend:
Süni intellekt 2040-cı ilədək qlobal iqtisadiyyata təxminən 20 trilyon dollara qədər əlavə dəyər qazandıra bilər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli bu gün Bakıda keçirilən "2-ci Beynəlxalq Caspian Innovation Forum”unda deyib.
"Dövlət qurumları və özəl sektorlar tərəfindən data əsaslı həllərə keçidin təmin edilməsi, süni intellekt həllərinin tətbiqi üçün texnoloji mühitin təmin edilməsi məqsədilə nazirlik tərəfindən superkompüter infrastrukturun qurulmasına başlanılıb", - o bildirib.
Müşavir eyni zamanda hədəflərdən də danışıb: "2030-cu ilədək hədəfimiz aydındır: tam rəqəmsallaşdırılmış sənaye bazası, yüksək ixtisaslı işçi qüvvəsi və transformasiya olunmuş iqtisadi sektor. Bu istiqamətdə artıq nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmış "Sənaye 4.0 Hazırlıq" proqramına start verilib.
Proqramın məqsədi sənaye 4.0 texnologiyalarının inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların təşviqi yolu ilə yerli müəssisələrin rəqabət gücünü yüksəltmək və bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir".
