Bakı. Trend:
Azərbaycan Suriyanın bərpası prosesində İordaniyanın tərəfdaşı ola bilər.
Trend xəbər verir ki, bunu İordaniyanın Sənaye, Ticarət və Logistika naziri Yarub Əl-Kuda İordaniya və Azərbaycan arasında ticarət, iqtisadi və texniki əməkdaşlq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının gedişində bildirib.
Onun sözlərinə görə, bu gün Yaxın Şərqdə müxtəlif imkanlar açılmaqdadır.
“Suriyanın bərpası və yenidən qurulması böyük potensiala malikdir. İordaniya şirkətləri bu qədər geniş imkanlardan təkbaşına yararlana bilməz. Bizə birgə investisiya və fəaliyyət üçün tərəfdaş lazımdır və hesab edirik ki, Azərbaycan biznes icması bu əməkdaşlıq üçün əla tərəfdaşdır”, – o deyib.
Əl-Kuda vurğulayıb ki, İordaniyanın İraqla möhkəm ticarət əlaqələri formalaşıb:
“Biz hər il İraqa 1,2 milyard dollardan çox dəyərdə ixrac həyata keçiririk. İraq və İordaniya biznes dairələri arasında etibarlı əlaqələr qurulub və əməkdaşlıq potensialı çox böyükdür”
Nazir İordaniyanın MDB ölkələrində demək olar ki, təmsil olunmadığını diqqətə çatdırıb.
“Azərbaycan MDB ölkələri ilə əla siyasi, iqtisadi və ticarət əlaqələrə malikdir. İordaniyada hesab edirlər ki, məhz Azərbaycan bizim bu regiona açılan əsas qapımız ola bilər”, – deyə o bildirib.
