...

Azərbaycan və Serbiya enerji resurslarına malik olmaqla artan qlobal qeyri-sabit şəraitdə mühüm rol oynayırlar (MÜSAHİBƏ)

İqtisadiyyat Interview 10 Dekabr 2025 10:17 (UTC +04:00)
Azərbaycan və Serbiya enerji resurslarına malik olmaqla artan qlobal qeyri-sabit şəraitdə mühüm rol oynayırlar (MÜSAHİBƏ)
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Serbiya strateji enerji resurslarına malik olmaqla və mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə, artan qlobal qeyri-sabit şəraitdə mühüm rol oynayırlar.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü, Serbiyanın sabiq prezidenti Boris Tadiç Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Serbiyada gələcəyin energetikasının əsasını təşkil edəcək litiumun böyük yataqları cəmləşib, Azərbaycanda isə artıq bu gün üçün mühüm enerji potensialı formalaşdıran iri neft və qaz ehtiyatları mövcuddur”, – deyə o vurğulayıb.

O həmçinin qeyd edib ki, hər iki ölkə Cənub və Cənub-Şərqi Avropanı birləşdirən mühüm tranzit dəhlizləri üzərində yerləşdiyi üçün əlavə geostrateji əhəmiyyətə malikdir.

“Belə marşrutlar üzərində yerləşən istənilən dövlət qaçılmaz şəkildə artan risklərlə üzləşir. Bu amili nəzərə almamaq – uduzmaq deməkdir. Məhz buna görə böyük dövlətlər arasında rəqabətin gücləndiyi bir dönəmdə ehtiyatla hərəkət etmək və ölçülüb-biçilmiş siyasət yürütmək lazımdır”, – deyə Tadiç bildirib.

Qlobal proseslərdən danışan Tadiç qeyd edib ki, beynəlxalq hüquqa hörmətsizlik hazırkı qlobal qeyri-sabitliyin əsas faktoruna çevrilib. Onun sözlərinə görə, beynəlxalq sistemin fraqmentasiyası prosesi əslində Balkanlardan başlayıb.

“Bu gün biz Ukraynada müharibəni, hərbi müdaxilələri əsaslandırmaq cəhdlərini və dünyanın müxtəlif regionlarında çoxsaylı silahlı qarşıdurmaları görürük”, – deyə o söyləyib.

Tadiç vurğulayıb ki, beynəlxalq ictimaiyyət mövcud böhran vəziyyətindən çıxış yolu tapmağa borcludur.

O həmçinin xatırladıb ki, Qlobal Bakı Forumunun yaradıldığı dövrdə dünya tam fərqli idi: o zaman Ukrayna müharibəsi haqda danışılmırdı və hətta Yaxın Şərqdə nizamlanmanın belə indiki böhranlarla müqayisədə daha yaxın görünürdü.

Beynəlxalq qarşılıqlı fəaliyyət formalarından danışan Tadiç qeyd edib ki, bu gün multilateral əməkdaşlığın inkişafı xüsusilə vacibdir.

“Çoxtərəflilik beynəlxalq əməkdaşlığın əsas modellərindən biri olaraq qalır. Bu, yeganə format deyil, lakin belə bir fəlsəfə olmadan dünyanın qarşılaşdığı çağırışlara kompleks həllər tapmaq mümkün deyil”, – deyə o bildirib.

Tadiç rəqəmsallaşmanın və süni intellektin qlobal proseslərə təsirinə ayrıca diqqət ayırıb. Onun sözlərinə görə, bir çox siyasətçi hələ də bu texnologiyaların və onların əsasını təşkil edən araşdırmaların əhəmiyyətini lazımınca qiymətləndirmir.

“Süni intellekt insan düşüncəsinin əksidir. Rəqəmsal dünya məlumatların daha sürətli və daha mürəkkəb formada ötürülməsinə imkan verir və yüksək səviyyəli əlaqəlilik yaradır”, – deyə o bildirib.

Eyni zamanda Tadiç qeyd edib ki, texnoloji tərəqqi ciddi risklər də daşıyır.

“Hər şey tənzimləmə, məlumatların idarə edilməsi, məlumat mərkəzlərinin təhlükəsizliyi və onların böyük enerji tələbatının həlli kimi məsələlərdən asılıdır. Gələcəkdə daha çox tənzimləməyə ehtiyac yaranacaq”, – o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti