...

Süni intellektin aqrar sahəyə tətbiqi genişləndiriləcək - Tahir Rzayev

İqtisadiyyat Materials 17 Dekabr 2025 11:16 (UTC +04:00)
Süni intellektin aqrar sahəyə tətbiqi genişləndiriləcək - Tahir Rzayev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Kənd Təsərrüfatı Nazirliyinin süni intellektin aqrar sektorda tətbiqi ilə bağlı təşəbbüsləri də böyük maraq doğurur və bu sahədə atılan addımların uğurlu nəticələr verəcəyi şübhəsizdir. Bu təşəbbüslər gələcəkdə aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcəkdir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar
siyasət komitəsinin sədri Tahir Rzayev aqrar biznes festivallarına həsr olunan yekun tədbirdə səsləndirib.

O bildirib ki, aqrar sahəyə investisiyaların cəlb edilməsi, yeni məhsulların daxili və xarici bazarlara çıxışının genişləndirilməsi, fermer və sahibkarlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi bu tədbirlərin əsas məqsədlərindən biridir və yüksək qiymətləndirilməlidir:

“Bu gün fermerlərin innovativ yanaşmalara və müasir texnologiyalara çıxışının təmin edilməsi, sahibkarların yüksək məhsuldarlığa nail olmaları və bazar əlaqələrinin gücləndirilməsi dövrün əsas tələblərindəndir. Yerli istehsalçıların yüksək keyfiyyətli məhsullarının və praktiki təcrübələrinin geniş auditoriyaya təqdim olunması, özəl toxumçuluğun inkişaf perspektivləri, eləcə də toxum subsidiyalarının verilməsi üzrə dövlət dəstəyi haqqında əhalinin məlumatlandırılması qarşıya qoyulan əsas hədəflər sırasındadır”.

Deputat qeyd edib ki, fermer istifadə etdiyi resursların, istehsal etdiyi məhsulun maya dəyərinin və satış qiymətinin hesablanmasını dəqiq bilməli, gəlir əldə etməyin yollarını düzgün müəyyən etməlidir.

“Bunun üçün onlara elmi əsaslara söykənən faktlar, məlumatlar və praktiki tövsiyələr təqdim edilməlidir. Müasir texnologiyaların və qabaqcıl metodların aqrar sahədə yaratdığı müsbət nəticələr araşdırılmalı və aydın şəkildə izah olunmalıdır”,-deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti