Bakı. Trend:
Heyvan dərisinin daha dəyərli istifadəsi məqsədilə dəri toplama və ilkin emal mərkəzlərinin yaradılması təşviq ediləcək.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, 2024-cü ildə ölkə üzrə ixrac edilən iribuynuzlu heyvan dərisi 301 min, qoyun dərisi isə 403 min ədəd və ya müvafiq olaraq 7.3 milyon və 0.5 milyon dollar dəyərində olub.
"Mövcud ixrac həcmi kəsimə gedən iribuynuzlu heyvan dərisinin 30-35 faizinin, xırdabuynuzlu heyvan dərisinin 16-18 faizini əhatə edir.
Kəsilən dərilərin çox hissəsinin düzgün mexaniki işlənməməsi, avadanlıq olmaması, dəri emalı zavodlarının azlığı, dəri və yun emalının vergitutma rejimində kredit şamil edilən üstünlüklərinin olmaması isə əsas problemlərdir", - o, əlavə edib.
