Bakı. Trend:
Sabah “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “NBC Bank”, “Günay Bank”, “Qafqaz İnkişaf Bankı” və “Atabank” ASC-lərə məxsus daşınmaz və daşınar əmlakların satışı üzrə açıq hərraclar keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumata görə, 07 yanvar 2025-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə aşağıdakı əmlaklar açıq hərraca çıxarılacaq:
“Atabank” ASC
Bankın balansında olan daşınmaz əmlak Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşir. 0,07 hektar torpaq sahəsində inşa olunmuş, iki girişli, iki mərtəbəli qeyri-yaşayış binasının ümumi sahəsi 309,88 kv.m-dir.
Əmlakın ilkin satış qiyməti 450 min manat təşkil edir.
“Qafqaz İnkişaf Bankı” ASC
Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 147A
ünvanında yerləşən, ümumi sahəsi 1182,9 kv.m olan qeyri-yaşayış
sahəsi satışa çıxarılır.
Əmlakın ilkin satış qiyməti 2 milyon 500 min manatdır.
“Günay Bank” ASC
Bankın balansında olan 2019-cu il buraxılışlı “Chery Tiggo 2” markalı minik avtomobili açıq hərraca çıxarılacaq.
Avtomobilin ilkin satış qiyməti 13 min manatdır.
“NBC Bank” ASC
Şamaxı rayonu, Məlhəm kəndində 0,12 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 464,2 kv.m olan fərdi yaşayış evi satışa çıxarılır.
Əmlakın ilkin satış qiyməti 200 min manat müəyyən edilib.
Qeyd edilib ki, hərracda iştirak etmək üçün satış qiymətinin 5 faizi həcmində beh ödənilməlidir. Əmlakın alış qiyməti qalib müəyyən edildikdən sonra 7 təqvim günü ərzində tam ödənilməlidir.
Hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Hərracın keçiriləcəyi ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (”AVİS” aptekinin arxası).
