Dünyanı və Azərbaycanı gözləyən iqtisadi risklər - “Davos öncəsi” açıqlanan proqnozlar nəyə işarədir?

İqtisadiyyat Materials 18 Yanvar 2026 18:20 (UTC +04:00)
Dünyanı və Azərbaycanı gözləyən iqtisadi risklər - “Davos öncəsi” açıqlanan proqnozlar nəyə işarədir?

Bakı. Trend:

Əvvəllər ekspertlər, alimlər 30, 50 il öncə üçün rahat proqnozlar verirdi. Son illər isə sabah nəyin baş verəcəyini belə əminliklə bildirmək mümkün olmur. Dünya gücləri silahlarını dəyişdikcə savaşların gedişatı da, miqyası da dəyişir. Artıq barıtla presslənmiş güllələr yox, məlumatla doldurulmuş kontentlər - əlahəzrət informasiya çox şeyi həll edir. Bu üzdən dünyaya artıq bombadan qorunmaq üçün sığınacaq yox, dezinformasiyadan qorunmaq üçün sistemlər lazımdır. Təəssüf ki, artıq bombadan gizlənmək, sığınacaq tapmaq dezinformasiyadan arınmaqdan rahatdır, çünki dezinformasiyadan qorunmaq üçünsə, dünya hələ bir sığınacaq tapmayıb.

Təsadüfi deyil ki, mötəbər forum olan Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunun 56-cı toplantısından öncə dərc edilmiş “2026-cı il - Qlobal Risklər Hesabatı”nda da dezinformasiya riski dünya üçün ön sırlaradır.

Əslində hesabatın ön sırasında gələn geoiqtisadi münaqişə riskində də dezinfomasiyanın rolu az deyil. Ümumilikdə dünyanın növbəti illər üçün ən çıxılmaz problemlərindən biri dezinformasiya olacaq. Dünyanı insan əlindən alıb soyuq monitorlara, sərt klaviaturlara köçürənlər bəlkə də zamanında düşünə bilmirdilər ki, emosiyalardan kasad, daş sifətli monitorlar rahatlıqla hər kəsi aldada biləcək. Ağ-qara hərflər, rəqəmlər hər nə qədər işimizi asanlaşdıran şifrələr olsa da, bir insan göz-qaşı qədər həqiqi deyil. Məhz bu səbəbdən dünya artıq virtual platformalarda süni intellektərə həvalə olunduqca nəfəsini, ətini qanını itirməkdədir.

Növbəti günlərdə Davosda müzakirə olunacaq dünya iqtisadiyyatının ən yaralı yerlərini nişan verən hesabat mətni düşünən insanı qorxudur. Hesabatın hazırlanmasında 116 iqtisadiyyatdan olan 11 000-dən çox ekspertin fikri öyrənilib. 11 000 ekspertin fikir çoxluğu ilə belə bir reallıq ortaya çıxıb ki, növbəti iki il ərzində dünyanı gözləyən ən böyük risk geoiqtisadi qarşıdurmalar fonunda yaranacaq. Ekspertlərin fikrincə risk siyahısında ikinci yerdə dezinformasiya, 3-cü yerdə isə cəmiyyətlərin qütbləşməsi durur.

Dünyanın diqqətinin cəmləşdiyi Davosdakı iqtisadi forum öncəsi yayımlanan risk hesabatında Qafqaz və Azərbaycanla bağlı proqnozlar da diqqətçəkəndir.

Yaxın iki il ərzində Azərbaycanın iqtisadi və iqtisadi problemlərə gətirib çıxaran risklərinin önündə kibertəhlükəsizlik gəlir. Hesabatda Azərbaycan üçün göstərilən risklər sırasında hava, su, torpaq çirklənməsi, yanlış məlumat və dezinformasiya, inflyasiya, hava ilə əlaqədar olmayan təbii fəlakətlər də yer alır.

Bu riskləri gözdən keçirəndə görürük ki, qarşıdan gələn iki il ərzində dünyanı da təxminən eyni problemlər gözləyir. Məsələn, qlobal iqtisadi düzəni poza biləcək risklərin mənzərəsi də təxminən eynidir.

Qlobal miqyasda feyk xəbərlər və dezinformasiya ikiillik proqnozda ikinci yerdə qərarlaşıb. Kibertəhlükəsizlik riskləri isə eyni proqnoz üzrə altıncı pillədə yer alır. Süni intellektin mənfi nəticələri risklər arasında ən kəskin yüksəliş tendensiyasını göstərir. Belə ki, bu risk ikiillik proqnozda 30-cu yerdən onillik proqnozda 5-ci yerə yüksəlib.

Bu dinamika süni intellektin əmək bazarlarına, cəmiyyətə və təhlükəsizliyə mümkün təsirləri ilə bağlı artan narahatlıqları əks etdirir.

Risklər hesabatı da təsdiqləyir ki, çirklənən təkcə əzəli dünya, yəni planetimiz deyil, öz yaratdığımız virtual dünya da bu cavan yaşında artıq kirin-pasın içindədir. Gümüşü qızıla çevirmək iddiasında olan əl-kimyagərlər necə şarlatana çevrildisə, bu gün informasiya bazarında yanlış informasiyanı əsl adıyla təqdim edənlər də müxtəlif simalarla qarşımıza çıxmaqdan həya etmir. Bu çirkli bazarda əsl qızılı dişina vurub tanıyanlar isə təəssüf ki, çox deyil.

Bu gün əksər dövlətlərin işi ordusunu silahlandırmala yanaşı vətəndaşını də məlumatlandırmaqdır. Bu gün məlumatlı vətəndaşın poensialı yaraqlı əsgərin silahından az kəsərli deyil. Təəssüf ki, bəzən vətəndaşı dezinformasiyaya qarşı silahlandırmaq bir ordunu silahlandırmaqdan çətin olur.

Çağdaş dünyanın informasiya müharibəsi o qədər çoxcəbhəlidir ki, dezinformasiyaya qarşı ölkə olaraq hazır olmaq, cinahları müəyyən etmək qeyri mümkündür.

Dezinfromasiyalar məqsədli olduğundan bütün deşifrə boşluqları qapadılır və nəticədə bəzən yanlış xəbər doğrusundan daha cazibəli və inandırıcı görünür. Biz Azərbaycan olaraq bu hücumları 44 günlük Vətən Müharibəsində, antiterror tədbirləri zamanı daha həssaslıqla müşahidə etdik. Azərbaycan suverenliyini bərpa etdikdən sonra uzun müddət daha ağır cəbhələrdə vuruşmaq məcburiyyətində qaldı. Qərb, okeanın o tayı müxtəlif həddələrlə yanaşı dezinformasiya hücumlarını da Azərbaycandan səngitmirdi.

Əslində Azərbaycan vətəndaşına dezinformasiya anlayışının, dezinformasiya terrorunun, dezinformasiya ağırısının nə olduğunu görmək üçün də ən doğru vaxt məhz az əvvəl qeyd olunan tsikllər idi. Bizə qarşı yönəlmiş yanlış informasiya yağışı müharibə və postmüharibə dövründə daha şəffaf pəncərə arxasından görünürdü. Xalq öz yaşantıları fonunda ona qarşı atılan böhtanı məhz bu kimi təbəddülatlar dönəmdə aydın hiss etdi.

Həqiqətin bir üzü var. Təəssüf ki, dezinformasiya çoxüzlüdür və biz bu “xrustal düşmən”ə qarşı hər yönümüzlə mübarizə aparmalıyıq.

Prezident İlham Əliyevin müharibə dövründə nümayiş etdirdiyi ali siyasi liderlik və strateji dövlət idarəçiliyi, siyasi-hərbi qərarların mərkəzləşdirilməsi, diplomatik kommunikasiya və resursların səfərbərliyi baxımından hakimiyyətin funksional koordinasiyasının effektivliyini ön plana çıxardı. Müharibədən sonra Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesi, infrastrukturun qurulması, nəqliyyat-logistika xətlərinin açılması və iqtisadi inteqrasiyanın sürətləndirilməsilə diqqət çəkdi. Bu yanaşma regionun, ölkənin ümumi iqtisadi sisteminə qoşulmasını və yeni investisiya imkanlarının formalaşmasını önə çəkir. Azad edilmiş torpaqlarda aqrar təsərrüfatı, energetika və turizm potensialının reallaşdırılması uzunmüddətli iqtisadi inkişafa zəmin yaradır. Nəticə etibarilə, Qarabağın dirçəldilməsi Azərbaycanın gələcək iqtisadi dayanıqlığı və regional rəqabət qabiliyyəti üçün strateji potensial kimi qiymətləndirilə bilər.

İqtisadi forum öncəsi açıqlanan risklər hesabatında Cənubi Qafqaz ölkələrindən Ermənistan və Gürcüstanla bağlı proqnozlar da diqqətçəkəndir. Hesabata görə, Ermənistan iqtisadiyyatı yaxın iki ildə struktur və institusional risklərlə üz-üzədir. Bu risklər daxili siyasi gərginliklər dövrünün yaratdığı dərin sosial-iqtisadi problemlərlə bağlıdır.
Hesabatda Ermənistanda yetərsiz ictimai xidmətlər və sosial müdafiə mexanizmləri əsas risk kimi göstərilir. Təhsil, infrastruktur və pensiya sahələrindəki çatışmazlıqlar önə çəkilir ki, bu da sosial bərabərsizliyi dərinləşdirən, əhalinin rifahına və dövlət institutlarına inama mənfi təsir edən səbəblər kimi qiymətləndirilə bilər.

Daxili siyasi parçalanma, iqtidar–müxalifət arasındakı mübahisələr və radikallaşan etirazlar, dezinformasiya və yanlış məlumatlar da mühüm risk amilidir. Müharibə məğlubiyyəti üzərindən qurulan manipulyativ narrativlər ictimai parçalanmanı və siyasi qütbləşməni gücləndirir, islahatlara inamı zəiflədir.
Ermənistanla bağlı iqtisadi risklər proqnozunu işsizlik və məhdud iqtisadi imkanlar, xüsusilə, gənclər arasında kütləvi miqrasiyaya və beyin axını üzərindən də qiymətləndirmək mümkündür. Hansı ki, bu mühüm amil də əmək bazarını və uzunmüddətli inkişaf potensialını zəiflədir.

Nəticə etibarilə sosial narazılıq, siyasi qeyri-sabitlik və insan kapitalının itkisi iqtisadi durğunluq riskini artırır.
Növbəti iki il üzrə iqtisadi proqnozlar və risklər hesabatına əsasən, Gürcüstan bir sıra ciddi çağırışlarla üz-üzə qala bilər. Kiber təhlükəsizliyin zəifliyi və kiber müharibə riski dövlət institutlarının, maliyyə sisteminin və kritik infrastrukturun dayanıqlığını təhdid edir. Bununla yanaşı Gürcüstan iqtisadiyyatınını risk altına alan amillər kimi biomüxtəlifliyin itirilməsi və ekosistemlərin zəifləməsi, kənd təsərrüfatı, turizm və ərzaq təhlükəsizliyi üçün uzunmüddətli risklər siyahısını yaradır. Süni intellekt texnologiyalarının nəzarətsiz tətbiqinin yarada biləcəyi iqtisadi problemlər də qonşu ölkə üçün risk amilləri yaradır.

Təəssüf ki, dünyanın minlərlə iqtsadi ekspertlərinin rəyi planetimizə növbəti iki ilə ərzində əminamanlıq vəd etmir. Cəmi 1% ekspert əminamanlığa istiqamətlənmiş iqtisadi proqnozlar verdiyi halda digərləri dünyamızın sabahından bədgümandır. Ekspertlətin 40%-i növbəti iki ildə ən azı qeyri-sabitlik təxmin edir, 9%-i stabillik, 1%-i isə əmin-amanlıq gözləyir. Növbəti 10 ilə baxdıqda mənzərə çox dəyişmir. Beləki respondentlərin 57%-i çalxalanan dünya, 32%-i stabil olmayan qlobal durum, 10%-i stabillik və 1%-i əmin-amanlıq gözləyir.

Beləliklə, iqtisadi risklərin proqnozlaşdırdığı hesabat fonunda dünyanı Qafqazı gözdən keçirdikdə Azərbayacanın proqnozlaşdırılan mümkün iqtisadi çalxantılardan kənarda qalmaq üçün strateji planlarını və resurslarını səfərbər etdiyi, regional inkişaf qazanaraq qlobal təhdidlər qarşısında davam gətirəcək güc və nüfuz qazandığı görünür. Bununla yanaşı ölkəmiz üçün proqnozlaşdırılan iqtisadi təhdidlərə adekvat ictimai yanaşmalar zərurəti də yaranır. Xüsusilə dezinformasiya, kibertəhlükəsizlik və digər qlobal, regional risk faktorlarına qarşı təkcə dövlət olaraq yox, ölkə, cəmiyyət olaraq sayıq olmalıyıq.

Sərdar Amin
Trend İnformasiya Agentliyinin azərbaycandilli xəbərlər xidmətinin rəhbəri

Məqalədə:

Xəbər lenti

Xəbər lenti