Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4,920 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 120,4 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,08%-i həcmində olub. Bununla da Rusiya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan Rusiyaya 1,184 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 5,4 milyon ABŞ dolları və ya 0,5% çoxdur.
Dövr ərzində Rusiyaya ixrac əməliyyatlarının 1,174 milyard ABŞ dolları qeyri-neft məhsullarının payına düşüb ki, bu da illik müqayisədə 12,4 milyon ABŞ dolları və ya 1,1% çoxdur. Rusiyaya qeyri-neft məhsulları ixracı Azərbaycanən ümumi ixracının 34,62%-ni təşkil edib ki, bunula da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.
Hesabat dövründə Rusiyadan Azərbaycana isə 3,736 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 115 milyon ABŞ dolları və ya 3,2% artım deməkdir. Bununla da hesabat dövründə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında Çindən sonra ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
