Bakı. Trend:
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla biznes-delegasiyaları və qarşılıqlı səfərləri iqtisadi əməkdaşlığın inkişafı üçün effektiv və özünü doğrultmuş alət kimi qiymətləndirir.
Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və Sənaye Palatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçeva bildirib.
Onun sözlərinə görə, LEF Network Azerbaijan layihəsi çərçivəsində yaxın vaxtlarda həyata keçirilmiş tədbirlərin müsbət təcrübəsinə əsaslanaraq, Palata gələcək biznes missiyalarının və delegasiyaların dəstəklənməsinə açıq qalır.
“Bu cür tədbirlər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində və konkret biznes tələbatına əsaslanaraq planlaşdırılır ki, bu da səfərlərin praktikliyini, məqsədyönlülüyünü və nəticəliliyini təmin edir. Hər iki ölkədə biznesin dəstəklənməsi ilə məşğul olan təşkilatlar arasında dialoqun davam etdirilməsi gələcək mübadilələrin ən аktual format və vaxtlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq”, – deyə departament direktoru qeyd edib.
L.Siçeva əlavə edib ki, gələcəyə baxaraq, Latviya Ticarət və Sənaye Palatası Latviya ilə Azərbaycan arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə və dərinləşdirilməsinə yönəlmiş biznesin dəstəklənməsi layihələrinin həyata keçirilməsi imkanlarını fəal şəkildə araşdırır.
“Eyni zamanda, bu əməkdaşlığın Mərkəzi-Baltik regionundan olan tərəfdaşların cəlb edilməsi hesabına daha geniş regional səviyyəyə çıxarılmasına maraq mövcuddur. Bu isə daha geniş şəbəkələrin formalaşmasına, bilik mübadiləsinə və uzunmüddətli iqtisadi qarşılıqlı fəaliyyəti dəstəkləyən daha dayanıqlı əməkdaşlıq formatlarının yaranmasına şərait yaradır”, – deyə o vurğulayıb.
