...

Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla əməkdaşlığın ən perspektivli formatlarını açıqladı (ÖZƏL)

İqtisadiyyat Materials 3 Fevral 2026 07:47 (UTC +04:00)
Latviya Ticarət və Sənaye Palatası Azərbaycanla əməkdaşlığın ən perspektivli formatlarını açıqladı (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Ticarət və Sənaye Palatası Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyətini sabit və mərhələli şəkildə inkişaf edən, gələcək artım üçün əhəmiyyətli potensiala malik kimi qiymətləndirir.

Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və Sənaye Palatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçeva bildirib.

Onun sözlərinə görə, mövcud ticarət axınları, işgüzar əlaqələr və institusional dialoq möhkəm əsas yaradır, son dövrdə həyata keçirilən praktiki təşəbbüslər, o cümlədən LEF Network Azerbaijan layihəsi çərçivəsində təşkil olunan biznes missiyaları, B2B görüşlər və bilik mübadiləsi hər iki ölkədə şirkətlər və biznesə dəstək qurumları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verib.

“Perspektivdə əməkdaşlıq üçün ümumi potensial kifayət qədər böyükdür, xüsusilə logistika, ərzaq və aqrar məhsullar, İKT, təhsil və "yaşıl" həllər kimi sahələrdə. Palata öz rolunu işgüzar əlaqələrin qurulması, bazar məlumatlarının mübadiləsi və həm Latviya, həm də Azərbaycan üçün real iqtisadi fayda gətirən uzunmüddətli əməkdaşlığın dəstəklənməsi vasitəsilə praktik, tələbyönümlü tərəfdaşlıqların təşviqində görür”, – deyə o qeyd edib.

L.Siçeva vurğulayıb ki, latviyalı şirkətlərin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığa marağı praktiki və artan xarakter daşıyır, xüsusilə də aydın bazar imkanlarının, etibarlı tərəfdaşların və uzunmüddətli perspektivlərin mövcud olduğu sahələrdə.

“Birgə müəssisələri "standart" model kimi qəbul etmək əvəzinə, bir çox şirkətlər mərhələli əməkdaşlıq formatlarına – distribyutor sazişlərinə, layihə əsaslı tərəfdaşlıqlara və ya xidmət sahəsində qarşılıqlı fəaliyyətə üstünlük verirlər. Bu formatlar hər iki tərəfə bazar şərtlərini və biznes təcrübəsini daha dərindən anlamağa imkan yaradır.

Son əlaqələr və biznes dairələrindən alınan rəylər nəzərə alınmaqla, əməkdaşlığın ən perspektivli formatları logistika və nəqliyyat xidmətləri, qida sənayesi və aqrobiznes, İKT və rəqəmsal həllər, təhsil və peşəkar xidmətlər, eləcə də yerli mövcudluğun əlavə dəyər yaratdığı ayrı-ayrı istehsal istiqamətləridir. Latviya Ticarət və Sənaye Palatası bu prosesi tələbyönümlü əməkdaşlıq modellərini təşviq etməklə və şirkətlərə risklər, investisiyalar və uzunmüddətli dayanıqlılıq arasında balans yaradan ən uyğun formatları müəyyənləşdirməkdə kömək etməklə dəstəkləyir”, – deyə departament direktoru əlavə edib.

O bildirib ki, latviyalı şirkətlər üçün hər hansı əməkdaşlığın başlanğıc nöqtəsi etimad və qarşılıqlı anlaşmadır: “Biznes nümayəndələri müqavilə münasibətlərinə və daha inkişaf etmiş tərəfdaşlıq formalarına keçməzdən əvvəl müntəzəm ünsiyyət və praktik qarşılıqlı fəaliyyət vasitəsilə uzunmüddətli əlaqələrin qurulmasına böyük əhəmiyyət verirlər”.

L.Siçevanın sözlərinə görə, ölkənin müsbət imicinin formalaşdırılması da hər iki tərəf üçün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.

“Hər bir ölkənin biznes mühiti, dəyərləri və iqtisadi üstünlükləri barədə aydın və müsbət təsəvvür şirkətlər arasında etimadın artmasına və daha əsaslandırılmış qərarların qəbuluna şərait yaradır. Eyni zamanda, ünsiyyət üslubları, qərar qəbuletmə prosesləri və gözləntilər daxil olmaqla biznes mədəniyyətindəki fərqlərin bilinməsi etimadın qurulması və əməkdaşlığın dayanıqlı inkişafı üçün vacib şərtdir”, – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti