Naxçıvan. Trend:
Bu gün Naxçıvanda "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı tədbir keçirilir.
Trend xəbər verir ki, Avropa İttifaqı (AI) tərəfindən maliyyələşdirilən Merlər Razılaşması Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanlar haqqında maarifləndirici tədbirlər təşkil edib.
Tədbir bələdiyyələrin, habelə milli qurumların təxminən 30 nümayəndəsini bir araya gətirir. Görüş Avropa İttifaqının məlumatlı yerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş daha geniş səyləri çərçivəsində, yerli enerji səmərəliliyini, iqlimə davamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləri bir araya toplayır.
Görüşün əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarətdir. Merlər Razılaşması Şərq Tərəfdaşlığı komandası təşəbbüsü haqqında məlumatı və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edir. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmış texniki dəstək daxildir.
Qeyd edək ki, Merlər Razılaşması Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova va Ukraynada yerli və regional özünüidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərinin hazırlanması və icrasında dəstək göstərir.
Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildə İçərişəhər bələdiyyəsi olub. Daha sonra ölkədə Gəncə, Quzanlı, Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələri də Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsənə qoşularaq fəal üzvlərə çevirildilər. Ölkə üzrə milli koordinatoru Azərbaycan Respublikasının Energetika Naz Nazirliyidir
Merlər Razılaşması - Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.
Xəbər yenilənəcək
