Bakı. Trend:
Məqsədimiz enerji səmərəliliyini real layihələrdə görməkdir.
Trend xəbər verir ki, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov bu gün "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Merlər razılaşması təşəbbüsünə qoşulmaq inzibati binalarının isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər: "Enerji səmərəliliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasətinin əsas prioritet istiqamətlərindəndir.
2021-ci ildə qəbul edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun bu sahədə institusional və hüquqi bazanı formalaşdırmışdır.
Enerji səmərəliliyi sahəsində ölkəmizdə görülən işlər çoxşaxəlidir və onların hamısını sadalamaq mümkün deyil, ancaq xüsusilə bu gün bələdiyyələrimiz üçün maraqlı ola biləcək mövzu Enerji Effektivliyi Fondunun yaradılmasıdır.
Belə ki, Merlər razılaşmasına qoşulmuş və Fəaliyyət Planlarını təsdiqlətmiş bələdiyyələrimiz bu fonda müraciət edərək pilot layihələr həyata keçirə bilərlər. Pilot layihələr binaların enerji effektivliyinin artırılması, izolyasiyası, istilik sistemlərinin təkmilləşdirilməsi, enerji effektivliyi yüksək olan avadanlıqların tətbiqi, o cümlədən günəş panellərinin tətbiqi kimi sahələri əhatə edə bilər".
C. Mikayılov vurğulayıb ki, artıq Azərbaycanda 10 bələdiyyə bu
təşəbbüsə qoşulub: "Onların bir çoxunun Fəaliyyət Planları
mövcuddur və icra edilməkdədir. Tədbirimizin əsas məqsədi də məhz
bu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşməkdir. Şəki və
Mingəçevir bələdiyyələri bu gün öz təcrübələrini bölüşəcəklər.
Energetika Nazirliyi olaraq biz də bu istiqamətdə metodoloji və
institusional dəstək göstərməyə hər zaman hazırıq. Məqsədimiz
enerji səmərəliliyini real layihələrdə görməkdir".
Nazirlik rəsmisi xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları ilə yanaşı Naxçıvan Muxtar Respublikası da yaşıl enerji
zonası elan edilib: "Naxçıvan ölkəmizdə bir kvadrat metr əraziyə
düşən günəş işığının miqdarına görə birinci yerdədir. Yaşıl
enerjinin həm qoyuluş gücündə, həm də istehsalında da Naxçıvan
birinci yerdədir. Enerji səmərəliliyi də yaşıl enerjinin bir
növüdür. Hətta ən yaşıl enerji qənaət edilən enerjidir. Enerji
səmərəliliyi iqtisadi faydalar, ətraf mühitin qorunması və gələcək
nəsillərə daha sağlam mühitin ötürülməsi deməkdir.
Siz də bələdiyyə sədrləri olaraq bu sahədə həlledici rol oynaya
bilərsiniz.
Fürsətdən istifadə edib Sizi “Söndür və qazan!” təşəbbüsünə
qoşulmağa da dəvət etmək istərdim. Bu kampaniya bir neçə ay öncə
Energetika Nazirliyi tərəfindən başladılıb. İstifadə edilmədikdə
işıqların söndürülməsi, elektrik cihazlarının şəbəkədən ayrılması
kimi sadə davranış dəyişiklikləri vasitəsilə enerjiyə qənaət təşviq
olunur. Vətəndaşlar video müraciətlər paylaşır, çağırışlar edir və
bu təşəbbüs artıq ictimai hərəkata çevrilməkdədir.
Gəlin enerji səmərəliliyini strateji prioritet kimi qəbul edək və
birgə fəaliyyət vasitəsilə real nəticələr əldə edək".
