...

RİY-in azalması və mürəkkəb borc strukturları inkişaf etməkdə olan ölkələrə təzyiqi artırır – AYİB

İqtisadiyyat Materials 13 Fevral 2026 23:42 (UTC +04:00)
RİY-in azalması və mürəkkəb borc strukturları inkişaf etməkdə olan ölkələrə təzyiqi artırır – AYİB
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi inkişaf yardımının (RİY) azalması və borcun restrukturizasiyası mexanizmlərinin getdikcə daha mürəkkəb xarakter alması inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri daha da ağırlaşdırır.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso Münhen Təhlükəsizlik Konfransında bildirib.

“Çağırışlardan danışarkən iki əlavə elementi qeyd etmək lazımdır. Birincisi, RİY-in azalmasıdır. Borc böhranı rəsmi inkişaf yardımının həcmlərinin kifayət qədər ciddi azalması ilə üst-üstə düşür və bu, təsirsiz ötüşməyəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, ikinci ciddi problem borcun restrukturizasiyası mexanizmlərinin artan mürəkkəbliyidir.

“Mən illər əvvəl Paris Klubuna rəhbərlik etmişəm və həmin dövrdə borcun əsas hissəsi Paris Klubuna üzv ölkələrin payına düşürdü. 1990-cı illərdə yüksək borcluluq səviyyəsinə malik ölkələrlə danışıqlar bəzən vaxt aparsa da, kreditorların bir araya gələrək, o cümlədən borcun silinməsi daxil olmaqla, tənzimləmə şərtlərini razılaşdırmasına imkan verən strukturlaşdırılmış çərçivə mövcud idi”, – deyə Reno-Basso xatırladıb.

O əlavə edib ki, bu gün kreditorların strukturu xeyli dərəcədə parçalanıb.

“Paris Klubu kreditorları var, lakin onların payı azalıb; istiqraz sahiblərinin sayı artıb, özəl borc həcmi, istiqrazsız ikitərəfli özəl borc, eləcə də Paris Klubuna daxil olmayan iri ikitərəfli kreditorların sayı çoxalıb. Əməkdaşlıq mexanizmləri daha da mürəkkəbləşib”, – deyə Reno-Basso izah edib.

O, G20-nin Ümumi Çərçivə proqramını “bütün tərəfləri cəlb etməyə imkan verən düzgün yanaşma” adlandırsa da, prosesin hələ də ləng getdiyini etiraf edib: “Müəyyən irəliləyiş əldə olunub, lakin sürətləndirmə, daha sıx əməkdaşlıq və bütün növ kreditorların daha fəal iştirakı zəruridir”.

AYİB prezidenti, həmçinin G20-nin kapitalın yetərliliyi təşəbbüsü çərçivəsində görülən işlərə diqqət çəkərək, bunun çoxtərəfli inkişaf banklarının kreditləşmə imkanlarını genişləndirməyə kömək etdiyini bildirib.

Sonda Reno-Basso dövlətlərin borc yükünü artırmayan özəl investisiyaların təşviq edilməsinin vacibliyini vurğulayıb.

“Biz dövlət borclanması ilə əlaqəli olmayan, özəl investorların yatırımları hesabına xidmətlərin inkişafına, tələbatların ödənilməsinə, iş yerlərinin yaradılmasına və müsbət iqtisadi artımın təmin edilməsinə töhfə verən investisiyaları təşviq etməliyik ki, bu da ölkələrə bu borc böhranından çıxmağa kömək edəcək”, – deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti