Bakı. Trend:
Orta Dəhlizin inkişafı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında inteqrasiya proseslərində böyük rol oynayıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək – strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, siyasi, iqtisadi və humanitar yardım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin möhkəmlənməsinə töhfə verib.
“İnteqrasiya proseslərimizdə Orta Dəhlizin inkişafı çox böyük rol oynayıb. Çünki son dörd ildə Rusiya dəmir yolları sanksiyalar altındadır. Avropa məhsullarının Rusiya dəmir yolları vasitəsilə Çinə və Mərkəzi Asiyaya daşınması çətinləşib”, – deyə F. İsmayılzadə qeyd edib.
O əlavə edib ki, İran artıq 20 ildən çoxdur sanksiyalar altındadır və müvafiq olaraq, Bakı və Ələt üzərindən keçərək Aktau və Türkmənistan limanlarını birləşdirən marşrut – Orta Dəhliz münasibətlərin inkişafı üçün əsas inteqrasiya həlqəsinə çevrilib.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan Çin istiqamətinə getdikcə daha çox diqqət ayırır. Ötən ilin aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfəri edib və orada strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb”, – deyə o xatırladıb.
Eyni zamanda, Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin inkişafı Mərkəzi Asiyada inteqrasiya proseslərinin güclənməsinə də təsir göstərir.
“Çin bazarlarına çıxış üçün Azərbaycan Mərkəzi Asiyadan keçməlidir. Bu isə infrastruktur və nəqliyyat layihələrinin, enerji layihələrinin və birgə investisiyaların inkişafı deməkdir. Buna görə də Azərbaycan hazırda Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilə ikitərəfli investisiya fondlarına malikdir və bu fondlar iqtisadi əlaqələrin möhkəmlənməsinə fəal şəkildə töhfə verir”, – deyə o əlavə edib.
Bununla yanaşı, o, tərəflərin birgə iqtisadi layihələrə və istehsala sərmayə qoyduğunu vurğulayıb.
“Qarabağda artıq birgə Azərbaycan-Özbəkistan tekstil fabriki fəaliyyət göstərir. Gələcək üçün çoxsaylı planlar mövcuddur. Bu proseslər göstərir ki, Azərbaycan üçün Mərkəzi Asiya ilə inteqrasiya sadəcə pafoslu siyasi şüarlar deyil. Bu, iqtisadi, nəqliyyat və enerji layihələrində konkret inteqrasiyadır. Bütün bunlar C6 formatına təsir göstərir.
C6 formatı onun institutlarının möhkəmləndirilməsinə diqqət yetirildiyi təqdirdə böyük perspektivə malikdir. Bu halda o, əvvəlcə humanitar platforma kimi – kifayət qədər zəif inteqrasiya forması kimi başlayan, lakin sonradan güclü institusionallaşma prosesi və müxtəlif əməkdaşlıq mexanizmlərinin inkişafı ilə seçilən Türk Dövlətləri Təşkilatı kimi yaxşı nümunəyə çevrilə bilər”, – deyə Fariz İsmayılzadə fikrini yekunlaşdırıb.
