Bakı. Trend:
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları və ya 19.8% artaraq 85.1 milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ildə 5.1% artıb və ilin sonuna 11.5 milyard ABŞ dolları olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin sonunda da ölkənin cəmi strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. Belə ki, 2025-ci ilin dekabr ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmət idxalına kifayət edib.(2025-ci ilin 9 ayı üzrə mal və xidmət idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.6 dəfə üstələyib (01.01.2026 tarixinə olan M2 pul aqreqatı nəzərə alınmaqla).
Qeyd edilib ki, bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlılığını və eləcə də, borc risklərinin tam şəkildə idarəolunan səviyyədə olduğunu nümayiş etdirir.
