Bakı. Trend:
Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 2,112 milyon ton təşkil edib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 207,1 min ton və ya 8,9% azdır.
Belə ki, 2025-ci ilin yanvar ayında BTC ilə 2,319 milyon ton neft nəql edilmişdi.
Ümumilikdə, hesabat ayında Azərbaycanda magistral neft kəmərləri ilə 2,731 milyon ton neft nəql edilib. Nəqletmənin 77,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,8 faizini və ya 1748,4 min tonunu Azərbaycanda hasil edilən neft, 17,2 faizini və ya 363,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu
1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km
Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru
kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il
mayın 18-də boru kəmərinə neft yüklənib.
2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC
Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30.10%), SOCAR
(32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5.00%), TotalEnergies
(5.00%), ITOCHU (3.40%), ONGC Videsh (3.10%), ExxonMobil (2.50%) və
INPEX (2.50%).
