Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycan və Almaniya arasında ticarət əməliyyatlarının həcmi 295,2 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici 2025-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 237,8 milyon ABŞ dolları və ya 1,8 dəfə azdır.
Hesabat dövründə Almaniya ilə ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 3,14 faiz təşkil edib.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Almaniyaya 142,1 milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 146,1 milyon ABŞ dolları və ya təxminən 2 dəfə azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 153,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatı həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 91,7 milyon ABŞ dolları və ya 1,6 dolları azdır.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatları aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞ dolları və ya 21,9% azdır.
İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə 4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞ dolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya 29,3% azalıb.
Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
