Bakı.Trend:
Aprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamenti arasında tarixdə ilk dəfə olaraq beynəlxalq avtomobil daşımaları sahəsində görüş keçirilib.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan daşıyıcıları və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi də iştirak ediblər.
Görüş zamanı iki ölkə arasında avtomobil nəqliyyatı ilə
beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf
perspektivləri müzakirələr edilib, əməkdaşlığın genişləndirilməsinə
dair fikir mübadiləsi aparılıb.
Görüşdə tərəflər arasında mühüm razılaşma əldə edilib. Belə ki,
beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı
il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000
ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2500 ədəd icazə
blankının mübadilə edilməsi barədə qərar qəbul olunub. Beləliklə,
cari il üzrə beynəlxalq yük daşımaları üçün mübadiləsi
razılaşdırılmış İcazə blanklarının kvotası 5 dəfə artırılmış olub.
Eləcə də, cari və növbəti ildə daşıyıcıların tələbatlarının tam
qarşılanacağı barədə razılıq ifadə olunub.
Tərəflər “İcazə” blanklarının mübadiləsinin və verilməsinin
elektronlaşdırılması ilə bağlı mühüm razılıq əldə ediblər.
Rəqəmsallaşma layihəsinin həyata keçirilməsi məqsədilə birgə
texniki işçi qrupunun yaradılması və 1 may tarixindən işlərə
başlanılması planlaşdırılır. Rəqəmsallaşma əməliyyat çətinliklərini
minimuma endirməyə və daşıma proseslərini şəffaf vəsürətli etməyə
imkan verəcəkdir.
Bununla yanaşı, beynəxalq yük daşımaları zamanı qarşılaşılan
məsələlərin operativ həll edilməsi məqsədilə tərəflərin aidiyyəti
qurumları arasında çevik əlaqənin qurulması üçün müvafiq mexanizm
razılaşdırılıb.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti milli
daşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçid
məntəqəsinin rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad Ticarət
Zonasının ərazisində fəaliyyət göstərən Logistik mərkəzlərin işi
ilə yaxından tanış olub.
Nümayəndə heyəti Xorqos Gömrük-Keçid Məntəqəsinin fəaliyyəti ilə də tanış edilib. Bildirilib ki, məntəqədə 4 qəbul və 4 göndərmə zolağı olmaqla hazırda 8 zolaq üzrə gün ərzində 1200 yük nəqliyyat vasitələrinin keçidi təmin edilir. Artan yük axını nəzərə alınaraq növbəti iki il ərzində qəbul və göndərmə zolaqlarının sayının 20-yə çatdırılması nəzərdə tutulur.
Logistik mərkəzlə milli daşıyıcılar arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilib, milli daşıyıcılarla logistik mərkəzlər arasında əlaqələrin qurulması üçün işlərə başlanılması barədə razılığa gəlinib.
Eyni zamanda Xorqos şəhərində Çinin aidiyyəti dövlət orqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının, Azərbaycan və Çin daşıyıcılarının iştirakı ilə Simpozium keçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcıların qarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları, eləcə də daşıyıcılar arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.
