Azərbaycan, Bakı / Trend , müxbir A.İsmaylova/ Şənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Z.Bünyadov küçəsində yeni körpü istismara verilib. Körpünün tikinti dəyəri 22,1 mln.manat təşkil edib.
Bu, şəhərin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması proqramı çərçivəsində, Bakıda tikilən beşinci yeni körpüdür. Hazırda daha 4 körpünün tikintisi aparılır. Tikinti işləri "Məşədi Əzizbəyov" metro stansiyası yaxınlığında, "Ekselsior" mehmanxanası yaxınlığında, "Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığında və Bakının 3-cü mikrorayon ərazisində aparılır.
Birinci iki nəqliyyat ötürücüsünün gələn ilin əvvəlində istismara veriləcəyi gözlənilir.
Bütün işlər "2006-2007-ci illərdə Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan prezidentinin sərəncamına əsasən, Bakıda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması layihəsi çərçivəsində həyata keçirilir. Ümumi dəyər 300 mln. manat qiymətləndirilir.
16-18 nəqliyyat ötürücüsü və yeni körpülərin tikintisi proqramının genişləndrilməsi məsələsi nəzərdən keçirilir.
Əgər bu proqram təsdiq olunarsa, artıq gələn ildən onun həyata keçirilməsinə başlanacaq.