Azərbaycan, Bakı, 09 may / Trend , müxbir S.Ağayeva/ Xəzərin Azərbaycan sahilində kurort zonası yaradılacaq. Kurort zonasının yaradılması üzrə investisiyalar təxminən 1 mlrd. dollar həcmində qiymətləndirilir. Bu barədə cümə günü Bakıda tanınmış sahibkar, "Krokus" qrupunun sahibi Araz Ağalarov bildirib.
"Azərbaycan tarixi və mədəniyyəti zəngin olan bir ölkədir. Azərbaycanı dünyada bu baxımdan tanıtmaq üçün belə bir yerdə kurort zonası yaratmaq lazımdır. Bunun üçün mən kurort zonasının yaradılması üzərində işləyirəm", - deyə Ağalarov bildirib.
Onun sözlərinə görə, layihəni reallaşdırmaq üçün dünya miqyaslı mütəxəssislərin cəlb edilməsi tələb olunur. Kurort zonası Bakının Nardaran və Pirşağı qəsəbələri arasındakı sahədə yerləşəcək və 300 hektar ərazini əhatə edəcək.
Azərbaycan iqtisadiyyatının digər sektorları ilə bağlı planlara toxunan biznesmen istehsal sahəsində fəaliyyət göstərmək ehtimalını da istisna etməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]