Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir S.Babayeva/ Bu gün mövcud müqavilələr əsasında Qazaxıstandan Azərbaycana taxıl idxal edilir. Bu barədə cümə günü ölkənin kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.
"Məndə olan məlumatlara görə, ölkəyə taxıl Qazaxıstanla yanaşı, Ukraynadan da idxal edilir, Rusiyadan isə un gətirilir", - nazir bildirib.
Abbasovun sözlərinə görə, bu ilin yanvarında ölkədə taxıl ehtiyatı 760 min ton təşkil edib. Dörd ay ərzində əlavə olaraq 366 min ton taxıl alınıb. Yalnız apreldə Azərbaycana 104 min ton taxıl gətirilib.
"Mövcud ehtiyatı, taxıl idxalı və istehlakını nəzərə alaraq demək olar ki, ölkədə kifayət həcmdə taxıl var. Bundan əlavə, bir aydan sonra Azərbaycan öz taxılının yığılmasına başlayır", - Abbasov bildirib.
Nazirin rəyinə görə, Azərbaycanda taxıl çatışmazlığı barədə yayılan şayiələrin əsası yoxdur. Onun gətirdiyi statistik məlumatlar buna dəlalət edir.
Azərbaycanda taxıl istehsalına toxunan nazir bildirib ki, 2008-ci ildə 2,6 mln. ton səviyyəsində taxıl yığımı proqnozlaşdırılır. İstehlak isə 3,2 mln. ton təşkil edəcək. Bu həcmin təqribən yarısı heyvandarlıq sahəsinə yönəldiləcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]