...

ABŞ hökuməti Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına dəstək göstərməyə hazırdır – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi hesab edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması kiçik sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradacaq.

"ABŞ hökuməti və Amerika QHT-ləri təcrübə mübadiləsi aparmaq və kiçik sahibkarların iştirakı ilə Azərbaycanda güclü iqtisadiyyatın yaradılmasına yardım göstərməyə hazırdır", - deyə Dersi çərşənbə axşamı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kiçik sahibkarlığın inkişafı üçün səmərəli şəraitin yaradılması hökumətin mühüm vəzifəsi olmalıdır.

"ABŞ Azərbaycanda aparılan bütün islahatları dəstəkləyir və müşahidə edir. Azərbaycanda "vahid pəncərə" sisteminin tətbiqi və elektron vergi hesabatının reallaşdırılması biznesin həyata keçirilməsi üçün əlverişli şərait yaradır", - deyə ABŞ səfiri qeyd edib.

Amerikalı diplomat həmçinin bildirib ki, ABŞ Azərbaycan hökumətinin şəffaf və müstəqil məhkəmə sisteminin yaradılması üzrə apardığı islahatları təqdir edir.

"Bütün bunlar biznesin tətbiqi üçün həm regional, həm də qlobal səviyyədə əlverişli şərait yaradır", - deyə Dersi bildirib.

ÜTT-yə üzv ölkələrin əsas tələbi müxtəlif bazarların liberallaşdırılmasından ibarətdir, lakin Azərbaycan bank, sığorta bazarı, telekommunikasiya, energetika daxil olmaqla iqtisadiyyatın 8-10 sektoru üzrə yerli bazar üçün mühafizə elementlərini saxlamağa çalışır.

Azərbaycan prezidentinin 2006-cı il 2 avqust tarixli sərəncamına əsasən, milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu sənədə əsasən, müvafiq strukturlara 40 qanunvericilik aktının hazırlanması tapşırığı verilib. Onldardan 16-sı qanun layihəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti