Azərbaycan, Xaçmaz, 27 oktyabr / Trend , müxbir A.Qafarov/ Azərbaycanın şimalında yerləşən (paytaxt Bakıdan 170 kilometr aralı) Quba rayonunda alma məhsulları istehsal edən zavodun tikintisi planlaşdırılır.
"Zavodun inşasına Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 2009-cu ilin fevralında başlanması nəzərdə tutulur", - bazar ertəsi Trend -a Qubanın icra başçısının aqrar məsələlər üzrə müavini Mübariz Xəlilov bildirib.
Qubada 14 min 454 hektar alma bağı var. Yeni mövsümdə daha 150 hektar sahədə alma bağının salınması planlaşdırılır.
Xəlilov deyib ki, zavodda müxtəlif növ alma şirələrinin istehsalı nəzərdə tutulub. İcra başçısının müavini zavodun illik istehsal gücü barəsində məlumat verməyib.
Onun sözlərinə görə, bu il alma yığımı başa çatıb. Hər hektar sahədən orta hesabla 75 sentiner məhsul götürülüb. Quba alması əsasən daxili və Rusiya bazarına çıxarılır.
Quba ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Ənvər Əliyev isə Trend -a deyib ki, alma satışında yaranan çətinliklər məhsulun bir qisminin korlanmasına səbəb olur. Məhsulların korlanmaması, keyfiyyətli saxlanması üçün Almaniya, Hollandiya və Türkiyədən soyuducular gətirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]