...

Azərbaycanın AccessBank-ı 2008-ci ilin yekunlarına görə kreditləşmənin liderləri sırasına daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2009 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend /

Ötən ilin yekunlarına görə, AccessBank kreditləşmə üzrə liderlərin sırasına daxil olub və onun kredit portfeli 84 faiz artaraq, 200 mln. dolları ötüb, - bankın bazar ertəsi yayılmış məlumatında deyilir. Bankın depozit portfeli 91 faiz artıb.

Bankdan kredit alan müştərilərin sayı da 50 faiz artıb - 2007-ci ilin sonunda onların sayı 46 000 nəfər olduğu təqdirdə, indi bu göstərici 70 000 nəfər təşkil edir.

"Maliyyə dünyasında vəziyyətin mürəkkəb olmasına baxmayaraq, 2008-ci il AccessBank üçün çox uğurlu oldu və bankın uğurları günbəgün artır", - AccessBank-ın Baş meneceri Endryu Pospilovski bildirib.

Onun sözlərinə görə, hər ay bütün ölkə üzrə 4000-dən artıq sahibkar AccessBank-dan yeni kreditlər alıb.

İl ərzində bankın aktivləri 81 faiz artaraq 241 mln. dollara çatıb. Ümumi kapital iki dəfə - 26,4 mln. dollardan 54,5 mln. dollaradək artıb. Ümumi mənfəət isə il ərzində 13 mln. dollaradək yüksəlib.

Bundan əlavə, 2008-ci il ərzində bankın 6 filialı açılıb və 200-dən artıq əməkdaş onun ştatına qəbul edilib.

Ötən ilin fevral ayında həm AccessBank, həm də Azərbaycan üçün beynəlxalq bazarda bondların debüt buraxılışı baş tutub, eləcə də Fitch reytinq agentliyi banka Azərbaycanın özəl bankları arasında ən yüksək reytinq (BB+) verib. 2008-ci il bankın adının Azərbaycan Mikromaliyyələşdirmə Bankından AccessBank-a dəyişdirilməsi ilə yadda qalıb.

AccessBank-ın missiyası - Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik müəssisələrə maliyyə xidmətlərindən yararlanmaq imkanı yaratmaqdır. AccessBank 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3.5) faiz şirkətləridir. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti