...

Nüfuzlu maliyyə jurnalı Azərbaycan bankı Unibank-ın kredit sazişini "İlin sövdəsi" kimi tanıyıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend /

Nüfuzlu maliyyə jurnalı "Trade & Forfaiting Review Magazine" Deutsche Bank AG London-un Azərbaycanın Unibank KB ilə bağladığı kredit sazişini "İlin sövdəsi" kimi tanıyıb. Bu barədə bankın məlumatında bildirilir.

2008-ci ildə Deutsche Bank AG London Unibank KB üçün sindikatlaşdırılmış kreditin təşkilatçısı kimi çıxış edib. Sindikatın vəsaiti ticarət sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib. Ümumi həcmi 30 milyon ABŞ dolları təşkil edən sindikatlaşdırılmış kreditdə, Deutsche Bank AG London-dan əlavə, daha 9 əcnəbi bank iştirak edirdi: Anglo-Romanian Bank Limited, Bank Leumi, Erste Bank, Dresdner Kleinwort, De Indonesische Overzeese Bank N.V., National City Bank, Demir-Halk Bank (Niederland) N.V., GarantiBank International N.V. və OTP Bank Plc.

ABŞ-da ipoteka böhranı və yaranmış likvidlik axını ilə əlaqədar dünya bazarlarındakı qeyri-sabitliyə baxmayaraq, sindikatlaşdırılmış kredit bəyan edildiyindən daha artıq məbləğə imzalanıb - sindikatın ilkin məbləği 25 milyon ABŞ dolları təşkil edirdi. Uğurla aparılan danışıqların gedişində sindikatın məbləği daha 5 milyon ABŞ dolları (30 milyon ABŞ dollarına qədər) artırılıb.

"Bu bir daha onu sübut edir ki, Unibank beynəlxalq maliyyə qurumlarının etimadını qazanmağa nail olmuş və özünü etibarlı və sərfəli tərəf-müqabil kimi göstərə bilmişdir", - deyə məlumatda qeyd olunur.

2008-ci ilin yekunlarına görə, Unibank-ın əcnəbi mənimsəmələrinin ümumi portfeli 143,650 mln. manat təşkil edib. Təkcə ötən il ərzində Bank 98 milyon ABŞ dolları məbləğində sazişlər imzalayıb. Unibank ticarət maliyyələşdirilməsi üzrə ümumi həcmi 13 milyon ABŞ dolları olan kredit xətlərinin, habelə əsas bank fəaliyyətinin həyata keçirilməsi üçün 5 milyon ABŞ dolları həcmində maliyyələşdirilmənin alıcısı olub.

Bundan başqa, Bank tərəfindən xırda və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsi üçün vəsaitin alınması haqqında bir saziş (5 milyon ABŞ dolları həcmində, Qara dəniz Yenidənqurma və İnkişaf Bankından) və ipoteka layihələrinin həyata keçirilməsi üçün 45 milyon ABŞ dolları məbləğində üç saziş (Beynəlxalq Maliyyə Korporasiyasının, DEG Alman İnvestisiya Korporasiyasının və FMO - Niderland Maliyyə Korporasiyasının hər birindən 15 milyon ABŞ dolları həcmində) imzalanmışdır. Bütün bu xətlər istər kreditorlar, istərsə də Bank üçün sərfəli olan şərtlərlə cəlb edilib ki, bu da Unibank-a kreditləri ağlabatan faiz dərəcələri ilə vermək imkanı verir.

Martın 11-nə olan rəsmi məzənnə 0,8048 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti