Azərbaycan, Bakı, 24 avqust / Trend /
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
Sifarişlər iki sərmayədar tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7 949 000 manat təşkil edib. Sifarişlər 100.5750% qiyməti ilə təqdim edilib.
Hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib. İpoteka istiqrazları üzrə faiz dərəcəsi illik üç faiz təşkil edir. İstiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir.
Emissiyanın ümumi həcmi 55 milyon manat, hər bir istiqrazın nominal dəyəri 1000 manat təşkil edir. Hazırda bu emissiyadan 25 milyon manat artıq yerləşdirilib. İlk yerləşdirmə iyunun 16-da həyata keçirilib.
Avqustun 24-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]